Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
“Mən də əsgərəm” müsabiqəsinin qalib əsəri Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında səslənəcək
“Mədəniyyət” kanalı Müdafiə Nazirliyi ilə birgə vətənpərvərlik mövzusunda “Mən də əsgərəm” mahnı müsabiqəsini elan edib.
27 avqust - 15 sentyabr tarixlərində keçiriləcək yarışa vətənpərvərlik, hərbi-vətənpərvərlik və qəhrəmanlarımızın həyatından bəhs edən əsərlər, həmçinin marşlar təqdim edilə bilər.
Göndərilən əsərlər milliliyin və müasirliyin vəhdətini özündə ehtiva etməlidirlər. Münsiflər seçim mərhələsində müəllifin səsli sənədlərinə və təqdim olunan əsərlərin elektron variantına əsaslanacaqlar.
Müsabiqə “Mədəniyyət” kanalının inzibati binasında (Bakı, Mehdi Hüseyn küçəsi, 1) keçiriləcək.
Müraciət üçün son tarix 15 sentyabrdır. Müsabiqə ilə bağlı ətraflı məlumatı (012)4921458 əlaqə telefonuna və (050)4921458 mobil telefon nömrəsinə “WhatsApp” vasitəsilə müraciət etməklə öyrənmək mümkündür.
Qalib olan əsərlər Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında səslənəcək və Azərbaycan Televiziyası Mədəniyyət kanalında təbliğ olunacaq.
Müsabiqədə iştirak və qeydiyyatdan keçmə qaydaları aşağıdakı kimidir:
- İştirakçılar [email protected] elektron ünvanına öz əsərlərinin yüksək keyfiyyətli audio və video versiyasını, şəkil və qısa yaradıcılıq xülasəsini göndərərək qeydiyyatdan keçə bilərlər;
- Müsabiqəyə təqdim olunan əsərlər daha öncə hansısa kütləvi informasiya vasitəsində və tədbirdə səslənmiş olmamalıdır.
- Müsabiqədə yalnız musiqi təhsili olan şəxslər iştirak edə bilərlər.
- Müsabiqədə qalib olan şəxslər əsərini təqdim edərkən klavir, eyni zamanda hərbi orkestr və ya kiçik estrada heyəti üçün yazılan partitura və partiyaları təqdim etməlidirlər.
Münsiflər heyəti yerlərdən hər hansını heç bir iştirakçıya verməmək və ya eyni yeri bir neçə iştirakçıya vermək hüququna malikdir. Müsabiqəyə qeydiyyat yalnız onlayn şəkildə aparılır.
Rəylər