May ayında Bakıda mənzil bazarında canlanma müşahidə olunub. Yazın gəlişi alıcı sayına müsbət təsir edib. Bu da həm köhnə, həm də yeni tikililərdə mənzillərin qiymətinin qalxmasına səbəb olub.
Oxu.Az xezerxeber.az-a istinadən məlumat verir ki, bazarda aktivliyin artmasının əsas səbəbi isə ipoteka kreditlərinin yenidən bərpa olunmasıdır.
Daşınmaz əmlak üzrə ekspertlər deyirlər ki, mənzillərin köhnə və yeni tikilidə olmasından asılı olaraq, qiymətlər 3,8-5,4 faiz arasında artıb.
Ekspertlər mənzil bazarından fərqli olaraq, torpaq bazarında qiymətlərin durğun olduğunu və hələ ki bu aylarda heç bir artımın gözlənilmədiyini də deyirlər. Ticarət obyektlərinin qiymətlərində isə əvvəlki aylara nisbətən ucuzlaşma olub.
Bununla belə ekspertlər yay aylarında qiymətlərin stabilləşəcəyini proqnozlaşdırırlar ki, bu da insanların istirahətə getmələri və aktivliyin aşağı düşməsi ilə əlaqədardır. Növbəti aktivlik isə sentyabr ayından etibarən gözlənilir.
İ.N.