Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Mərkəzi Nəbatat Bağında təmir zamanı qanunsuz obyektlərin hamısı sökülüb
Bu gün, dekabrın 5-də mətbuat nümayəndələri üçün Mərkəzi Nəbatat Bağı ilə tanışlıqla bağlı media-tur təşkil edilib.
Oxu.Az xəbər verir ki, Mərkəzi Nəbatat Bağının təmiri zamanı ərazidə yerləşən 30-dan çox avtomobil təmiri boksu, bir neçə ictimai-iaşə obyekti və müxtəlif təyinatlı qanunsuz tikililər sökülüb, bunun nəticəsində Mərkəzi Nəbatat Bağının ərazisi 39 hektardan 45 hektara çatdırılıb. Bağda giriş kompleksi yaradılıb, müasir tələblərə, tikinti normalarına cavab verən yeni oranjereyalar, fəvvarə inşa edilib, mövcud oranjereyalar əsaslı təmir olunub. Eləcə də burada xarici ölkələrdən gətirilən xüsusi şəraitdə yetişdirilən müxtəlif növdə nadir dekorativ ağaclar, kol və güllər əkilib.
Bağın ərazisində bitkilərin yetişdirilməsi məqsədilə 3 bloklu istixana, göl kompleksi və baxış meydançası inşa edilib.
Bağın ərazisində dördmərtəbəli yeni inzibati bina inşa edilib, aypara formalı ikimərtəbəli qədim inzibati binada isə əsaslı təmir-bərpa işləri aparılıb. Nəbatat Bağında piyadalar üçün 650 metr uzunluğunda müasir körpü tikilib və lift quraşdırılıb. Bağın ərazisində iki restoran fəaliyyət göstərəcək. Həmçinin bağda labirint formalı yaşıllıq zonası ilə yanaşı, uşaq-əyləncə meydançası, avtomobillər üçün parklanma yeri də yaradılıb. Köhnə giriş zonası öz tarixi üslubunda təmir edilib. Yeraltı su anbarları, nasosxanalar və qazanxanalar inşa edilib. Ərazi boyu hasar yenidən qurulub, piyada yolları salınıb, müasir oturacaqlar, işıqlandırma, yanğından mühafizə və videomüşahidə sistemləri quraşdırılıb, yaşıllıqların suvarma sistemləri yenilənib.
Qeyd edilməlidir ki, bu gün həyata keçirilən bu kimi layihələr Bakının və regionların simasını dəyişməklə yanaşı, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasında da mühüm rol oynayır. Aparılan yaşıllaşdırma işlərinə və ekoloji vəziyyətin yaxşılaşdırılması üçün dövlət səviyyəsində həyata keçirilən layihələrə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da böyük dəstək verir.
Qeyd edək ki, dövlət başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizin bütün guşələrində və xüsusi olaraq paytaxtımız Bakı şəhərində yeni meqaparklar, yaşıllıqlar, meşə massivləri, istirahət parkları və bağlar salınır, mövcud yaşıllıq sahələri daha da genişləndirilir. Bir sözlə Bakı parklar şəhərinə çevrilir. Prezident İlham Əliyevin Azərbaycanın inkişafı ilə bağlı müəyyənləşdirdiyi strategiyada Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində görülən işlərin miqyası ilbəil daha da artır.
Mərahim Nəsib
Rəylər