Qan Turalı yazır...
Bir neçə gün sonra görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin ölümündən 90 il ötür. Tariximizdə heç bir ədib onun qədər mübahisələndirilməyib, heç bir jurnal “Molla Nəsrəddin” qədər müzakirə edilməyib. Və qətiyyətlə demək olar ki, Azərbaycan üçün heç bir ədib Mirzə Cəlil qədər fundamental iş görməyib (Söz yox ki, Nizami də böyük sənətkardır, həmçinin Füzuli. Ancaq onların fəaliyyəti dövrün və zamanın tələbinə uyğun olaraq dar intellektual çevrə ilə məhdudlaşırdı. Mirzə isə ictimai həyatın bütün sahələrinə dərindən nüfuz etməyi bacarmışdı).
Onun həm nəsri, həm dramaturgiyası, həm publisistikası, həm redaktorluğu, həm ictimai fəaliyyəti və əlbəttə ki, şəxsiyyəti haqqında ayrı-ayrılıqda çox danışmaq olar. Ancaq mən onun həyatı ilə bağlı bir az gizlində qalan, dərsliklərə düşməyən, rəsmi təbliğata daxil edilməyən, bir az da bilərəkdən unudulan gerçəkləri təsvir etmək istəyirəm.
***
Mirzə Cəlil “Danabaş kəndinin əhvalatları” povestini yazanda cəmi 25 yaşı vardı. Bu onun ən monumental və ən iri həcmli əsəridir. Bu gün adı Mirzə Cəlillə yanaşı çəkilən “Danabaş kəndinin əhvalatları” povesti 1936-cı ildə çap edilib. Yazıçının ölümündən dörd il sonra... Dünya nəsrində də bu cür əsərin bu qədər erkən dövrdə yazılması nadir hadisədir. Dostoyevski “Cinayət və cəza”nı yazanda 44 yaşında idi. Hüqo “Səfillər”ə nöqtə qoyanda 50 yaşı adlamışdı. “Hərb və sülh” sona yetəndə müəllifinin yaşı 40-ı keçmişdi. 1937-ci ildə Mirzənin “Xatıratım” adlı memuarı çap ediləndə müəllifin vəfatından beş il keçirdi...
Mirzənin 1926-cı ildə qələmə aldığı “Dəli yığıncağı” pyesi yalnız 1978-ci ildə Mehdi Məmmədov tərəfindən səhnəyə qoyulub. Böyük rejissor açıq şəkildə etiraf edirdi ki, quruluş verdiyi səhnə əsərləri arasında dünya səhnəsinə çıxarmağa ən çox layiq bildiyi məhz “Dəli yığıncağı”dır. Mirzənin ən görkəmli nəsr əsəri ölümündən sonra çap edildiyi kimi ən yüksək ədəbi siqlətə malik pyesi isə düz 52 il qadağan edilmişdi.
***
Mirzə Cəlili üç məqama görə tənqid edirlər:
1. Xalqı tənqid edirmiş;
2. ADR-ə neqativ münasibət olub;
3. Dini baxışları.
Başlayaq birincidən... Yazıçının “Azərbaycan” məqaləsindən bir parçaya baxaq...
“Dünyəvi aləm dəyişildi, o şeylər ki əsl mənalarını itirmişdi, qayıdıb əslini tapdı və buna hamı razı oldu ki, vətən, vətən, vətən; dil, dil, dil; millət, millət, millət!.. Dəxi bu dairələrdən kənarda bəşər övladı üçün nicat yolu yoxdur”.
Məqalə belə bitir: “Gəlin, gəlin, ey unudulmuş Vətənin cırıq-mırıq qardaşları! Gəlin görək beşikdə yad millətlərin südünü əmmiş, vətənimizdən yadırğamış və millətimizin ruhundan xəbərsiz bir para millət başçılarımız sizə nə gün ağlayacaqlar. Niyə sakitsiniz, ey mənim lüt-üryan vətən qardaşlarım?!”
Bu məqalə 1917-ci ildə çap edilib və özünü türk yox, müsəlman adlandıran bir xalq üçün bütün bu sözlər bir işıq, bir məşəl idi. 1920-ci ildə Sovet işğalı günlərində “Anamın kitabı”nı yazan insana bu münasibət rəva idimi? Amma böyük yazıçı olmaq həm də öz taleyini qələmə almaq deməkdir. Mirzə Molla Nəsrəddinə yazdığı ilk məqaləsində eynilə belə deyirdi: “Sözü o kəslərə de ki, sənə qulaq verməsinlər...”
O ki qaldı ADR-ə... Görün, Məmməd Əmin nə yazır: “Orta əsrlərdən qalma qaydaların tənqidi satirik “Molla Nəsrəddin” jurnalının və onun istedadlı redaktoru Cəlil Məmmədquluzadənin simasında özünün yüksək zirvəsinə çatır”.
1916-cı il aprelin 29-da “Ölülər”in premyerasında şəxsən iştirak edən Məmməd Əmin Rəsulzadə iki gün sonra yazırdı: “Ölülər” qaranlıq həyatda, cəhalətlə çürüyən mühitdə bitab (halsız-Q.T. ) düşən xəstə vücudumuzu bütün faciələri və acıları ilə açıb aləmə faş ediyor...”
Və din məsələsi... Bayaq haqqında bəhs etdiyimiz “Xatıratım”da (Əhməd bəy Ağayevin baş redaktor olduğu, Hacı Zeynalabdin Tağıyevin maliyyələşdirdiyi “Həyat” qəzetində) yazırdı: “İslam tayfalarının uzun əsrlər müddətində fəlakət və cəhalətdən qurtarmamaqlarına tək bircə İslam dinini bais hesab edən bir dinsiz üçün “Həyat”ın moizələri əlbəttə ki, xoş gələ bilməzdi”. Ya da bu əsərin başqa bir yerində deyilir...
“Nə qədər Naxçıvanın müqəddəs mühiti və darülmüəllimin (Qoridə din müəllimləri-Q.T.) əmmaməli müdərrisləri bizi Allahın yolunda saxlayırdılar, o qədər də oxumaqda olduğumuzu coğrafiya dərsi və tarixi-təbii dərsləri öz işini görməkdə idi. Dərsin birində dünyanın altı günə xudavəndə-aləm tərəfindən xəlq olunduğunu və xaliqin cümə günü dincə qaldığını oxuyanda, dərsin o birisində tarixi təbii müəlliminin bəyanatı öz mənası ilə dinməz-söyləməz Allahın varlığını da şübhə altında buraxırdı. Adəm babamızın behişti ilə Nuhun tufanının bilmərrə inkar edirdi”.
Bəli, onun dinə baxışı belə idi və bu məqamı onun əleyhinə çevirmək də absurddur. Çünki o bizim yazıçımızdır, mollamız deyil... Nizami, Füzuli ədəbiyyat zirvəsinə yüksəldən onların dini baxışları yox, yazdıqları əsərlərdir. Hər şey bu qədər sadədir...
***
Mirzə Cəlili öldürmək üçün Bakıdan muzdlu qatil göndərilmişdi. Təsadüf nəticəsində yaxalanan qatil Mirzə Cəlili öldürmək məqsədiylə Tiflisə gəldiyini etiraf etmişdi. Qatilin üstündən iki tapança olub.
***
Mirzə Cəlil ailə həyatı da tragediyalarla dolu idi. İlk həyat yoldaşı uşaq üstündə ölmüş və ondan qızı Münəvvər yadigar qalmışdı. İkinci həyat yoldaşı isə uşağı tələf olduğundan ruhi xəstəxanaya düşmüş və orada vəfat etmişdi. Həmidə xanım onun üçüncü həyat yoldaşı idi. Ondan olan iki oğlundan biri Mirzənin vəfatından sonra heç altı ay da yaşamadı. Mirzənin etirazına baxmayaraq, qızı Münəvvər Həmidə xanımın ilk nikahından olan oğlu ilə evləndi. O toyda iştirak etmədi.
***
Mirzə Cəlil Molla Nəsrəddin jurnalındakı otağının divarına belə yazmışdı: “Xahiş edirəm salamlaşarkən əl verməyin və uzun-uzadı söhbətlərlə vaxtımı almayın...”
***
“Gözümü açıb dünyanı qaranlıq görmüşəm”. Mirzənin “Xatıratım”ı belə başlayırdı. Ancaq o bu dünyada işığın qələbəsi üçün hər şeyi etmişdi. Və buna görə də ruhumuzun yaddaşında daima diri olaraq qalacaqdır.
***
Mirzə Cəlil Mirzə Fətəli haqqında məqaləsinə belə başlayırdı: “Mirzə Fətəli Axundov barəsində ya çox yazmaq lazımdır, ya heç yazmamaq lazımdır. Mirzə Fətəli Axundov barəsində ya yaxşı yazmaq lazımdır, ya heç yazmamaq lazımdır”.
Ümidvaram ki, az yazdığımıza görə Mirzə bizi bağışlayar...