"Misirlə Azərbaycan arasında çox güclü münasibətlər mövcuddur. Hər iki ölkənin dövlət başçıları - Misir Prezidenti Əbdülfəttah əs-Sisi və Azərbaycan Prezidenti İlham Əliyev qarşılıqlı olaraq Qahirə və Bakıya səfərlər həyata keçiriblər. Bu yüksək səviyyəli koordinasiya və etimad əsasında Misir və Azərbaycan özəl sektorları arasında tərəfdaşlıq və əməkdaşlıq üçün böyük potensial mövcuddur".
Bunu Bakıda keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində Oxu.Az-a açıqlamasında Misirin Planlaşdırma və İqtisadi İnkişaf naziri, Misir Ərəb Respublikasının İİB-dəki rəhbəri (qubernatoru) Əhməd Rostom deyib.
O bildirib ki, əsas əməkdaşlıq istiqamətləri sırasında əczaçılıq, tikinti, neft-qaz sənayesi, eləcə də bərpa olunan enerji sahələri yer ala bilər:
"Hesab edirəm ki, davam edən dialoq və yüksək səviyyəli strateji tərəfdaşlıq hər iki ölkə üçün yeni imkanların açılmasına şərait yaradacaq".