Aqşin Yenisey yazır...
İngilis kraliçasının şəxsi himayəsində yaşayan yazıçı Salman Rüşdinin məşhur “Gecəyarısı uşaqları” romanında qədim bir hind oyunundan geninə-boluna danışılır. Əsasən qocaların oynadığı bu oyun oyunçuların narkotik tərkibli (hindlilərin “betel” dediyi) çox güman kənəvir bitkisinin yarpaqlarını çeynəyib, ağızlarındakı çeynənmiş qalığı müəyyən məsafəyə qoyulduqları dar ağızlı mürəkkəbqabına sərrast bir loxma kimi tüpürməkdən ibarətdir. Bu oyun xalq arasında o qədər məşhurdur ki, hətta oyunun əsas atributu sayılan mürəkkəbqabı ərə gedən qızların cehizinə də daxil edilir. Salman Rüşdi, əslində, bu oyunu dönə-dönə romanın səhifələrində təsvir etməklə hind xalqının necə bir ucuz narkotik xoşbəxtliyin içində itib-batdığını demək istəyir.
Rüşdi kənəvir yarpağını çeynəyib xoşbəxt olan, bu xoşbəxtlikdən özlərinə əyləncə də düzəldən qocaları təsvir etməklə, yəqin ki, artıq funksionallığını itirmiş qədim hind mədəniyyətinin özünü sarkastik bir dillə ələ salır.
Ümumiyyətlə, narkotik vasitələrin xoşbəxtliyinə meyil edən sıravi insanları da müşahidə etdikdə, bu adamların (çoxunun) artıq həyatda heç bir funksionallığının qalmadığı aydın görünür. Qoqolun ifadəsi ilə desək, narkotik xoşbəxtlik “ölü canlar”ın xoşbəxtliyidir.
Yuxarıda belə bir ifadə işlətdik “xoşbəxtliyin içində itib-batmaq”. Narkotik maddə aludəçiliyi fəlsəfədə çox vaxt bir an kimi təsvir olunan xoşbəxtlik hissinin içində itib-batmaqdır ki, bu gün bütün dünyada, o cümlədən ölkəmizdə də artıq ağlı başında olan hər kəs bu “gen-bol xoşbəxtliyi”, az qala, milli faciə səviyyəsində müzakirə edir.
Bu gün dünyada toxluqdan (piylənmədən) ölənlərin sayı aclıqdan ölənlərin sayından qat-qat çox olsa da, özünü xoşbəxt hiss edənlərin sayı hər il azalır. Məsələn, 2011-ci illə müqayisədə bu gün özünü xoşbəxt hiss edənlərin sayında 11 faiz geriləmə var. Varlılar daha da varlanıb, yoxsullar daha da yoxsullaşdıqca dünya ilbəil bədbəxtləşir.
Xoşbəxtlik çağırışlarında (məsələn, reklam çarxlarında) isə durmadan insanlar nə yolla olur-olsun xoşbəxt olmağa, həm də eyni cür xoşbəxt olmağa, az qala, məcbur edilir. Filan məhsulu alan, yaxud filan səyahət turuna qatılan, filan avtomobillə tıxacsız yolda şütüyən, toyunu filan şadlıq sarayında edən monitor xoşbəxtləri yerdə qalan “sıravi bədbəxtlərə” nümunə göstərilir. Qonşular, qadınlar, hətta uşaqlar arasında xoşbəxt olmaq yarışlarına aşağılayıcı yollarla maraqlar yaradılır. Məsələn, kinayəli bir səs “sən hələ filan şeyi almamısan, yaxud qonşun filan ölkənin görməli yerlərində oturmadığı ocaq başı qoymayıb, sən hələ məhlədə nərdtaxta oynayırsan?” – deyərək o şeyə ehtiyacı olmayan, o ölkəni görmək istəməyən insanlarda “bədbəxt”, “aciz” olduqları duyğusunu yaradır.
Bu cür kütləvi xoşbəxtlik təbliğatı insanların psixoloji rahatlığını pozur və onları daha ucuz yollarla mütləq xoşbəxt edəcək vasitələr axtarmağa sövq edir. Narkotik xoşbəxtlik bu gün kütləvi xoşbəxtliklərin artıq ən əlçatanına çevrilib. Bu, bir kütləvi Oblomov xoşbəxtliyidir. Real dünyanın deyil, xəyal dünyasının xoşbəxtliyinə can atmaqdır. Narkomaniya qadağan olunmuş oblomovluqdur. Bir həblə həm sevirsən, həm iş qurursan, həm Mayami çimərliklərində dincəlirsən, bir az dərinə getsən lap cənnətin özünə belə gedib qayıda bilərsən. Amma “xəyal turizmi”nin hesabına.
İnsanlıq həmişə xoşbəxt olmaq üçün vasitələr axtarıb; bu, onun təbii haqqıdır. Məsələn, antik dünyada bəzi istisnaları çıxmaq şərtilə xoşbəxtliyin mənbəyi sağlam həyat və müdriklik hesab olunurdu. Orta əsrlərdə xristianlığın və islamın yayılması, güclənməsi ilə insanlar xoşbəxtliyi əxlaqi həyatda və axirətdə axtarmağa başladılar. Sənaye dövrünün düşüncəsi xoşbəxtliyin ünvanını təhsil (elmi ixtiralar) və istehsal münasibətlərinə doğru dəyişdi. Xoşbəxtlik artıq bilgədə yox, bilgidə idi. Maarifçilik dövründə sekulyar dəyərlərlə yaşamaq xoşbəxtliyin rəmzinə çevrildi; insan ilk dəfə azad elan olunmuşdu, deməli, xoşbəxt idi. Modern dövrdə istehsal münasibətlərinin fırtınası, təhsil bazarlaşması, qlobal sekulyarizmə canatma artıq müdriklik, axirət, əxlaqi saflıq kimi köhnə dəyərlərin xoşbəxtlik hissi ilə bağlılığını yox etdi.
Epikürün, Senekanın, Avrelinin və s. antik filosofların yerini, Bekon kimi filosoflar aldı ki, xoşbəxtliyi yalnız elmi təcrübələrin uğurunda gördülər. Şopenhauer, Nitşe kimi nihilist filosoflar, ümumiyyətlə, xoşbəxtliyi inkar etdilər. Anlıq duyğu olan xoşbəxtlik əbədi kədəri heç vaxt yenə bilmədiyi üçün insan da heç vaxt və heç yerdə xoşbəxt ola bilməyəcəkdi.
Müasir insanın xoşbəxtliyini isə ən yaxşı izah edən (mənə görə) fransız sosioloq Jan Bodriyar oldu. Bodriyara görə, XX əsr dünyanın istehsalçı cəmiyyətdən istehlakçı cəmiyyətə keçdiyi əsrdir. İnsanları yalnız israfçılıq xoşbəxt edə bilər. Bu, saxta xoşbəxtlik hissidir, çünki daxildən gələn deyil, xaricdən ötürülən duyğulara hesablanıb. Umberto Eko buna “Tamaşa mədəniyyəti” deyirdi, hamının eyni anda artist və tamaşaçı olduğu bir mədəniyyət. Bu, həm də yoluxucudur. Ola bilməz ki, milyonlar, hətta milyardlar eyni şeyi əldə etmək və bir-birilərinə göstərməklə eyni cür xoşbəxt olsunlar. Onlar, sadəcə, Bodriyara görə, güc yolu ilə deyil, dinc yolla kölələşdiriliblər. Bir uşaq rəngbərəng toplarla dolu səbətdə özünü necə xoşbəxt hiss edirsə, müasir insan da lazımsız əşyaların əhatəsində xoşbəxtlik şahzadəsi olduğunu düşünür. Onlar artıq nə antik çağın müdrik, nə Orta əsrlərin əxlaqlısı, nə də maarifçilik çağının azadlıq aşiqidirlər. Onlar bu dəyərlərin hamısını, məsələn, "Adidas" firmasının loqosuna könüllü şəkildə qurban veriblər. Onlar əcdadları kimi xoşbəxtliyi verməkdə (xeyirxahlıqda) yox, almaqda (mənimsəməkdə) görürlər. Həm də özlərinin deyil, satanın ehtiyacları üçün.
Onlar alış-veriş məntəqələrində, fəst-fud restoranlarında uzun-uzun xoşbəxtlik növbələri yaradıblar. Çünki bazar öz istehlakçılarının sayını (əhali sayını) artırmaqla insanın xoşbəxt olacağı məkan və zamanın ərazisini kiçildib. Artıq xoşbəxt olmaq üçün məkanımız və zamanımız azdır. Biz hər yerdə insan sürüləri ilə dolu öz savannalarımızı yaratmışıq. Bəşəriyyət növbə gözləmədən keçinə bilməz. İstirahət məkanları, televiziya verilişləri, metrolar, avtobuslar və s. xudmani cəhənnəmlərimizdir. Artıq heç yerdə gülən dəlilərə də rast gəlmirik, onları əsəbləri pozulmuş şizofrenlər əvəz ediblər küçələrdə.
Narkomaniyanın proletarlaşması bir az da bu məkan və zaman basabasında özünə yer tapa bilməyib, xəyali genişliyə canatmanın nəticəsidir. Bu xəyali genişlik bir vaxtlar yuxarı siniflərin “mülkiyyətində” idi; bu gün isə bu “xoşbəxtlik torpaqlarını” kasıblar, lütlər, lümpenlər ələ keçiriblər ki, vaxtilə onlar, məsələn, tanrıya tapınmaqla xoşbəxt olurdular. Marks buna görə dini kasıbların tiryəki adlandırırdı. İndi isə onlara həqiqi, daha doğrusu, sintetik tiryək veriblər. Süni yaradılmış xoşbəxtlik aclığı insanların həm əxlaqını, həm psixologiyasını korlayıb. Müasir insanın hər şeyi var, amma özü yoxdur.
İnsanlıq böyük şeirdən, böyük fəlsəfədən, böyük sənətdən uzaq düşüb. Bayağılıq anlıq duyğuları şöhrətləndirib. Həqiqi “Leyli və Məcnun” xoşbəxtliyi sevgidə görürdü, qovuşmaq şərt deyildi, hətta buna görə ələ saldığımız orijinal Məcnun Allaha yalvarırdı ki, onu sevginin əzabından bir an belə məhrum etməsin. Amma bu gün mövzusu sevgi olan serialda “ikinci əl” Məcnunun küçədə xoşuna gələn “ikinci əl” Leyliyə bir əl siqnal verməsi kifayətdir ki, bir saatdan sonra onlar yataqda görüşsünlər. Xoşbəxtliyin bu cür anlıq və əlçatan olmasıdır insanlığın əxlaqını korlayan. Modern əfsanədə siqnal hesabına sevgi macərası yaşayan Məcnun, yaxud evdən siqnal eşitmək eşqinə çıxan Leyli bunu insan azadlığı kimi başa düşür. Əslində isə onlar nəsnələr, şeylər dünyasının kölələridir. Onları bir-biriləri ilə fikirləri, hissləri, estetik gözləntiləri tanış etmədi, onların yerinə metallar danışdı, əşyalar tərifləndi. Bu gün kişi-qadın münasibətlərində haqqında danışılanlar insanlar deyil, onlara, yaxud tanışlarına məxsus mülklər, əşyalardır. O gün bir dostum deyir, evlənmək istədiyim qıza Kantı təriflədim, o da qarşılıq olaraq dayısının bahalı avtomobilinin təkərlərini istehsal edən firmanı təriflədi. Əfsanəmiz bununla da bitdi. Dedim, Kantın əli yağlı olsaydı öz başına çəkərdi, o boyda Almaniyada bir çolaq qız tapmadı şalvarını ütülətdirsin, subay öldü. Sən heç olmasa, gündə bir arvad alan Rassellə girərdin söhbətə. Demək istədiyim odur ki, böyük mədəni dəyərlərə qayıtmayınca, şapalaqla, sadəcə, üz qızardacağıq.
Günümüzün azadlığı kölə azadlığıdır. İnsan öz yaratdığının köləsidir. O, özü-özünün Spartakı olmayınca, quldarlıq quruluşu davam edəcək.
Qayıdıram yenə günün probleminə. “Xəyali turizm”in şahzadəsi adlandırdığım narkotik oblomovluq da bir kölə xoşbəxtliyidir. Çünki asılı olduğu hər şey insanı kölələşdirir. İndicə adını çəkdiyim quldarlıq quruluşunda belə bir qanun var idi: Qul sahibi, öz qulunu sata, döyə, hətta öldürə bilər. Bu gün həmin quldar sintetik narkotikdir; öz köləsini sata (polisə), döyə (dişlərini tökə), hətta öldürə bilir.