2016-cı ildə Təhsil Nazirliyinin sifarişlərinə əsasən, Neft Fondundan (SOFAZ) “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi məqsədilə ayrılmış 31,6 mln. manat vəsaitin 15,5 mln. manatı yaşayış, 13,9 mln. manatı təhsil, təqribən 0,9 mln. manatı yol, 0,5 mln. manatı tibbi sığorta, 0,8 mln. manatı viza, qeydiyyat və digər xərclərin ödənilməsinə yönəldilib.
Oxu.Az-ın məlumatına görə, APA Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabata istinadən xəbər verir ki, 2008-2016-cı illər ərzində Neft Fondu tərəfindən bu proqramın maliyyələşdirilməsinə ümumilikdə 188,4 mln. manat məbləğində vəsait ayrılıb.
31 dekabr 2016-cı il tarixinə SOFAZ-ın vəsaiti hesabına xaricdə təhsili maliyyələşdirilmiş tələbələrin ümumi sayı 3302 nəfər təşkil edir.
“2016-cı ildən etibarən dövlət proqramına qəbul dayandırıldığından həmin il Fond tərəfindən ayrılmış vəsait yalnız proqram çərçivəsində təhsilini davam etdirən tələbələrin təhsili ilə bağlı xərcləri əhatə edir”, - deyə məlumatda vurğulanıb.
U.A.
www.oxu.az