"Oğlan uşağı gec danışmağa başlayır" fikri cəmiyyətdə geniş yayılıb.
Müşahidələr onu deməyə əsas verir ki, bir yaşına çatmış qız uşaqları kiçik sözlər və ifadələrdən istifadə etsələr də, oğlan uşaqları bunu iki və ya daha sonrakı yaş dövrlərində edirlər.
Sakinlərin Baku TV-yə sözlərinə görə, ətraflarında oğlan uşaqlarının nitq inkişafının daha gec baş verdiyinə dair çoxsaylı nümunələr var.
"Nəvəm qız uşağıdır, hələ iki yaşı yoxdur, amma bütün fikrini çatdıra bilir. Yaxın qohumumuzun dörd yaşlı oğlan övladı isə hələ tam danışa bilmir", - deyə sakinlərdən biri qeyd edib.
Mütəxəssislər isə bildirirlər ki, nitq inkişafı hər uşaqda eyni getmir. Belə ki, nitqin ləngiməsinə müxtəlif amillər səbəb olur.
Loqoped Fəridə Adıgözəlovanın sözlərinə görə, nitqin ləngiməsinə genetik faktorlar, ünsiyyət mühitinin zəif olması, eşitmə problemləri, nevroloji xüsusiyyətlər, eləcə də telefon, planşet və televizordan həddindən artıq istifadə səbəb ola bilər.
Loqoped əlavə edib ki, valideynlərin uşaqlarla daha çox danışması, kitab oxuması və oyun zamanı ünsiyyət qurması nitq inkişafına müsbət təsir göstərir.
Nevroloq Elşən Qarayev vurğulayıb ki, bir yaşdan etibarən uşaq tək-tək sözlər deməyə başlayır:
"İki yaşında isə sadə cümlələr qurmağı bacarmalıdır. Əgər uşaq iki yaşında heç bir kəlmə demirsə, mütləq mütəxəssisə müraciət etmək lazımdır".
Psixoloqların fikrincə isə diqqətdən kənarda qalan, yaşıdları ilə ünsiyyətdə olmayan uşaqlarda nitq ləngiməsi daha çox müşahidə olunur.
"Valideynlər uşağın bütün ehtiyaclarını sözsüz başa düşüb yerinə yetirəndə onun danışmağa ehtiyacı qalmır. Bundan əlavə, uşaq dilində danışmaq da düzgün yanaşma deyil. Uşaq sözləri valideynindən düzgün formada eşitməlidir", - deyə psixoloq İlahə Dadaşova əlavə edib.