Yüksək qiymətlər və formal göstəricilər uğrunda mübarizə aşağı sinif şagirdləri üçün ciddi stres mənbəyinə çevrilə və onların dərslərə olan marağını azalda bilər.
Oxu.Az xəbər verir ki, "Novıye İzvestiya" nəşri bu mövzuda rusiyalı mütəxəssislərin rəylərini dərc edib.
Mütəxəssislərin fikrincə, problemi yalnız məktəb tələbləri deyil, həm də uşaqları bir-biri ilə müqayisə edən və qiyməti uğurun yeganə göstəricisi kimi qəbul edən valideynlər daha da qəlizləşdirir. Nəticədə uşaq, aldığı qiyməti valideyn sevgisinin və cəmiyyət tərəfindən qəbul edilmənin əsası kimi görməyə başlayır.
Psixoloqlar vurğulayırlar ki, yalnız yüksək bal toplamaq məqsədinə köklənən motivasiya çox vaxt həqiqi biliklərlə üst-üstə düşmür. Bu yanaşma artıq 3-cü və 4-cü siniflərdə şagirdlərin təhsilə marağını tamamilə itirməsinə səbəb ola bilər.
Ayrı bir təhlükəni isə "əlaçı sindromu" təşkil edir. Əgər uşaq səhvlərə yol verməkdən qorxur və daim ideal olmağa çalışırsa, gələcək həyatında qərar qəbul etmək, yenilikləri sınamaq və uğursuzluqların öhdəsindən gəlmək onun üçün daha çətin olur.
Mütəxəssislər uşaqda təhsilə marağı qorumaq üçün aşağıdakı addımları tövsiyə edirlər:
- Kəmiyyətdən keyfiyyətə keçid: Yalnız oxu sürətini və ya yekun qiyməti deyil, materialı dərindən başa düşməyi, müstəqil mühakimə yürütməyi və sual vermək bacarığını qiymətləndirmək lazımdır.
- Səhvlərə düzgün yanaşma: Həm müəllimlər, həm də valideynlər buraxılan səhvlərə cəza səbəbi kimi deyil, təlim prosesinin təbii bir hissəsi kimi yanaşmalıdırlar.