Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ölkədə pərakəndə ticarət dövriyyəsində artım var
2019-cu ilin ilk 9 ayı ərzində pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3 % artaraq 27,6 milyard manat olub.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumatda ticarət dövriyyəsinin 13947,1 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13630,3 milyon manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2018-ci ilin 9 ayına nisbətən real ifadədə 2,6% və 3,3% artıb.
Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9%-i ərzaq məhsullarının, 4,7% içkilər və tütün məmulatlarının, 18,1% toxuculuq məhsullarının, geyim və ayaqqabıların, 6,2% elektrik malları və mebellərin, 5,5% avtomobil yanacağının, 1,3% əczaçılıq və tibbi malların, 0,8% kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,5% isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
2019-cu ilin yanvar-sentyabr aylarında istehlak məhsulları dəyər ifadəsində 20,9%-i ticarət müəssisələrində, 49,7%-i fərdi sahibkarlar tərəfindən, 29,4%-i isə bazar və yarmarkalarda satılıb.
2018-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,9%, fərdi sahibkarlar üzrə 0,6% artıb, bazar və yarmarkalarda isə 6,3% azalıb.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 309,8 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 13,5 manat çox olub.
Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla, hər ay 156,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 153,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.
Könül Cəfərli
Rəylər