Hər biriniz orta və yaşlı nəslin nümyəndələrindən “O vaxtın kişiləri belə deyildi” sözlərini tez-tez eşidirsiniz. O vaxtın kişiləri dedikdə, 20 il öncə və ondan daha da əvvəlki dövrlər nəzərdə tutulur. Maraqlıdır ki, bu müqayisəni adətən indinin cavanlarına baxıb edirlər - “O vaxtın kişiləri belə deyildi”...Nədir bu fərq, şikayət, indiki cavan oğlanları fərqləndirən meyarlar...
Diqqətlə nəzər salsaq, adi saç düzümü, geyim tərzindən tutmuş davranışa qədər əksər oğlanlarda “böyük dəyişiklik”, bir növ “qızlaşmaya” meyllik hiss olunur. Konkret olaraq oğlanlarda qızlara xas olan incəlik, zəriflik və s. əlamətlər müşahidə edilir. Ən pisi isə bu halın getdikcə kütləviləşməsidir.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, psixoloq Elnur Rüstəmov prosesin bu formada kütləviləşməsinin tək səbəbini müasir informasiya mübadiləsində görür. Psixoloq deyir ki, müasir dövrdə gənc oğlanların incə davranışlara meyl etməsinin ən böyük təsiri mediadan gəlir.
“Eyni proses, təbii ki, öncələr də var idi. Yəni hər hansı bir kişidə qadın xüsusiyyətləri üstünlük təşkil edə bilər, yaxud da əksinə.
Sadəcə, keçmiş dövrlərdə belə qabarıq formada deyildi. Ancaq indi informasiyanın genişlənməsi, bu prosesin insanların düşüncəsində adiləşməsi, bir qisim gənc və yeniyetmələrdə özünü fərqli diqqətə çəkmək kimi görünmək istəyi bu halları sürətləndirdi. Məsələn, bü gün bir sıra gənclər var ki, gey olmaqdan qorxur və bu qorxu, onların hərəkətlərində, davranışlarında, geyimlərində özünü biruzə verir”.
Jurnalist-teletənqidçi Qulu Məhərrəmli isə məsələyə belə münasibət bildirib:
“Bu problemdə medianın böyük təsiri olmasından əlavə əsas səbəb kimi ailə, çevrə və mühitdir. Amma bütün məsələləri medianın üzərinə yıxa bilmərik. Bu, yanlış olar. Çünki media özü müəyyən dərəcədə güzgüdür. O, reallığı əks elətdirir. Amma bəzi hallarda yanlış yol tutan media hansı ki, sarı mətbuatdır, sensasiyaya meyllidir burada onlar günahkardır. Amma bütün hallarda media bu dəbi yaratmır.
Media bunu təmsil edir, tirajlayır. Gənclər nə qədər də mediadan bu kimi yanlış meyarları örnək götürsələr də, onların ailələri, çevrələri də az təsir göstərmir. Bir də görürsüz efirə çıxan aparıcı-oğlan qız kimi hərəkətlər edir, danışığı, geyimi qıza bənzəyir. Təbii ki, bu, düzgün hal deyil. Bunun qarşısını almağın yeganə yolu isə ictimai qınağın olmasıdır. Belə ki, tamaşaçı özü etiraz etməyi bacarmalıdır”.