Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Qax rayonunda inşa etdirilərək ötən ilin oktyabrında yarımçıq istifadəyə verilən 4 mərtəbəli 36 mənzilli yaşayış binasında boş qalan 21 mənzildə təmir işlərini yekunlaşdıraraq, müharibə əlillərinə və şəhid ailələrinə təqdim edib.
Oxu.Az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə bildirilib ki, indiyədək artıq 4300-ə yaxın mənzil inşa etdirilərək Azərbaycanın ərazi bütövlüyü və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirərək əlil olmuş vətəndaşlara və şəhid ailələrinə verilib.
Qeyd edək ki, bu ildə Beyləqan, İmişli, Goranboy və Tərtər rayonlarının hər birində 6 mərtəbəli 54 mənzilli, Şamaxı rayonunda isə 4 mərtəbəli 36 mənzilli yaşayış evləri də bu təbəqələrdən olan insanların istifadəsinə veriləcək.
Dövlət başçısının əlil və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində imzaladığı sərəncama uyğun olaraq, 2014-cü ilin əvvəlinədək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınıb, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin 2014-2018-ci illər ərzində mərhələli şəkildə mənzil və ya fərdi evlə təminatı həyata keçiriləcək.
Gülnarə Zeynalova
www.oxu.az