Baku TV-nin "Hərbi xronika" verilişinin budəfəki buraxılışında Azərbaycan Silahlı Qüvvələrinin 1918-ci ildən bu günə qədər keçdiyi inkişaf yolu və müasir ordu quruculuğu strategiyası təhlil olunub.
Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il iyunun 26-da Əlahiddə Azərbaycan Korpusunu yaratmaqla milli ordu quruculuğunun əsasını qoyub. Sonrakı dövrlərdə müxtəlif mərhələlərdən keçən ordu, xüsusilə müstəqillikdən sonra və ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə yeni inkişaf yoluna qədəm qoyub.
Qeyd olunub ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu müasir texnologiyalar, peşəkar kadr hazırlığı və strateji hərbi əməkdaşlıq sayəsində regionun ən güclü ordularından birinə çevrilib.
Vurğulanıb ki, 2016-cı il Aprel döyüşləri, 2018-ci il Günnüt əməliyyatı, 2020-ci il Vətən müharibəsi və 2023-cü ilin lokal antiterror tədbirləri ordunun gücünün və inkişaf strategiyasının real nəticəsidir.
Diqqətə çatdırılıb ki, Azərbaycan Ordusunun gücü təkcə silahlanma ilə deyil, vahid komandanlıq, yüksək hazırlıq, milli birlik və dövlətin ardıcıl siyasəti ilə formalaşıb.