"Azərbaycan WUF13-də dünyanın hər yerindən nümayəndələri bir araya gətirdi və qlobal problemləri bərabər həll etməyə çalışır. Bu, çox yaxşıdır və düşünürəm ki, tədbirdən sonra ölkələr arasında münasibətlər daha da yaxşılaşacaq".
Bunu Qırğızıstanın "Ədalətli xalq" ictimai fondunun nümayəndəsi Tolyubek Bişinbekov Oxu.Az-a müsahibəsində bildirib:
"Mən çox şadam ki, bu gün belə bir genişmiqyaslı tədbirdəyik. Hesab edirəm ki, WUF13 uğurlu alınıb və nəticələri müsbət olacaq.
Qırğızıstan və Azərbaycan arasında münasibətlər çox yaxşı inkişaf edir, amma daha da möhkəmlənməsini istərdim.
QHT nümayəndəsi olaraq istərdim ki, bizim qeyri-kommersiya sektoru işçilərimiz buraya gəlsinlər, azərbaycanlı həmkarlarının təcrübəsi ilə tanış olsunlar, Azərbaycan nümayəndələri də öz növbəsində bizi ziyarət etsinlər. Bizim bir-birimizdən öyrənəcəyimiz çox şey var".
Tolyubek Bişinbekov müasir şəhərlərdə inklüzivlik səviyyəsini də qiymətləndirib:
"Ümumiyyətlə, postsovet ölkələrindən danışsaq, bizim hələ də müəyyən problemlərimiz var. Lakin Avropa ölkələrində mən bu məsələlərdən bir çoxunun artıq həll edilməkdə olduğunu gördüm.
Həmçinin Bakıda xüsusi taksilərin olduğunu da müşahidə etdim və bu, şəhərin inklüzivliyə doğru inkişaf etdiyini göstərir. İstərdim ki, digər şəhərlərdə də inklüziv mühit daha da aktiv inkişaf etsin.
İlk növbədə insanlar haqqında düşünmək və onların fikirlərini soruşmaq lazımdır: onların nəyə ehtiyacları var, onlar nə istəyirlər və bundan irəli gələrək infrastruktur yaratmaq lazımdır. O zaman şəhərlər həqiqətən hər kəs üçün inklüziv olacaq.
Zənnimcə, daha inklüziv şəhər mühitinin yaradılması və yaxşılaşdırılması üçün daha konkret konsepsiyalara və yanaşmalara ehtiyac var".