Bakı-Ələt-Qazax magistralının Qobustan qəsəbəsi (Qaradağ rayonu) ərazisindən keçən hissəsində sürücülərin yol hərəkəti qaydalarını kobud şəkildə pozmaları digər hərəkət iştirakçılarının narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Qeyd olunub ki, ikitərəfli yolda bəzi nəqliyyat vasitələri qarşı hərəkət zolağına çıxaraq təhlükəli vəziyyət yaradırlar. Nəticədə həm nəqliyyatın hərəkəti məhdudlaşır, həm də yol-nəqliyyat hadisələrinin başvermə riski artır.
Sürücülər bildiriblər ki, bu cür qayda pozuntuları yol hərəkətinin təhlükəsizliyinə ciddi təhdid yaradır və aidiyyəti qurumlar tərəfindən nəzarətin gücləndirilməsinə ehtiyac var.
Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) bölmə rəisi Elvin Hacıyev bildirib ki, sözügedən ünvanda hərəkətin təhlükəsizliyinin və intensivliyinin təmin olunması məqsədilə əraziyə əlavə yol polisi naryadları cəlb edilib.
"Yaranmış nəqliyyat sıxlığının aradan qaldırılması üçün zəruri tədbirlər görülüb. Bildiririk ki, bu cür davranışlar yol hərəkəti qaydalarının kobud şəkildə pozulması ilə yanaşı, yolun ötürücülük qabiliyyətinin azalmasına, və nəqliyyat sıxlığının artmasına səbəb olur. Əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələri qarşıdan gələn sürücüləri qəfil dayanmağa və ya təhlükəli manevrlər etməyə məcbur edirlər ki, bu da yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır", - deyə E.Hacıyev bildirib.