"Abşeron rayonunun Masazır kəndində yerləşən "Qurtuluş-93" yaşayış kompleksinə məxsus olan 98, 96 və 21B binalarında qeyri-qanuni olaraq heç bir icazə sənədləri olmadan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi faktı aşkarlanıb".
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Abşeron Rayon İcra Hakimiyyətindən verilib.
Qeyd olunub ki, sözügedən əraziyə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları ilə birgə baxış keçirilib:
"Baxış zamanı "Qurtuluş-93" kompleksinə məxsus olan binalarda heç bir icazə sənədləri olmadan, qeyri-qanuni olaraq yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi faktı aşkarlanıb. Görülən tədbirlər nəticəsində aparılan qeyri-qanuni təmir tikinti işləri dayandırılıb, tikinti sahibinə ciddi xəbərdarlıq edilib və aidiyyəti üzrə qurumlara məlumat verilib", - deyə məlumatda vurğulanıb.
Abşeron rayonu, Masazır kəndi, "Qurtuluş Residence" MTK-ya məxsus 96 və 98 nömrəli yaşayış binasının zirzəmi hissəsində yükdaşıyan konstruksiyalara müdaxilə edilməyib.
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən (FHN) verilib.
Qeyd olunub ki, sözügedən binanın zirzəmisinin qeyri-yaşayış obyektinə çevrilməsi və yaşayış binasının yükdaşıyan konstruksiyalarına müdaxilə edilməsi barədə informasiya Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları tərəfindən araşdırılıb.
"Araşdırma zamanı yükdaşıyan konstruksiyalara müdaxilə edilmədiyi, eyni zamanda, zirzəmiyə vətəndaşlar tərəfindən vitraj pəncərə və qapı qoyulduğu müəyyən olunub və bu barədə aidiyyəti üzrə yerli icra hakimiyyətinə müraciət ünvanlanıb", - deyə məlumatda vurğulanıb.
Abşeron rayonunun Masazır kəndində yerləşən "Qurtuluş-93" yaşayış kompleksində ciddi təhlükə yaradan fakt aşkarlandığı iddia olunub.
Oxu.Az-a daxil olan müraciətdə kompleksin 96 və 98-ci binalarının zirzəmilərində fəaliyyət göstərəcək iaşə obyektləri üçün binaların daşıyıcı konstruksiyalarına müdaxilə edildiyi iddia olunub.

"Bu binalar 15-20 ilin binalarıdır. Həmişə zirzəmiləri olub. İndi isə obyekt sahibləri binaların zirzəmilərindən qazanc əldə etmək üçün binanın dayaqları və əsas aparıcı sütunlarını sökərək onların yerinə plastik materialdan hazırlanan boydan-boya pəncərə yerləşdiriblər. Bu özbaşına dəyişiklik nəticəsində beşmərtəbəli bina qəzalı vəziyyətə düşüb. Aidiyyəti qurumlara müraciət etsək də, heç kim bu qanunsuzluğa məhəl qoymur", - deyə iddiada bildirilir.
Məsələ ilə bağlı "Qurtuluş 93" yaşayış kompleksinin satış mütəxəssisi Həşim Həsənov Oxu.Az-a açıqlamasında səsləndirilən fikirlərin əsassız olduğunu bildirdi.
"Yəqin ki, heç bir insan binanın daşıyıcı divarının sökülməsi iddiasına inanmaz. O divarlar sökülsə, bina necə uçmadan qala bilər? Kim bu riskin altına girər? Orada qurulan obyektlərin bütün sənədləri, çıxarışları var. Onlar qeyri-yaşayış sahəsi kimi qeydiyyatdan keçib. Bununla bağlı da müvafiq sənədlər var. İddia olunan pəncərələr qoyulan yerə gəlincə, həmin hissə heç bir daşıyıcı rol oynamır. Sadəcə, kərpicdən olan arakəsmələrdir, o kərpiclərin heç bir daşıyıcı rolu yoxdur. Obyektə giriş üçün o kərpiclər götürülüb və yerinə qapı qoyulub. Yəqin, razılaşarsınız ki, obyektə giriş üçün haradansa bir giriş mütləq olmalıdır", - deyə H.Həsənov bildirib.
Əzizə İsmayılova