"WUF13 müxtəlif ölkələrdən olan gənclər arasında qarşılıqlı əlaqə üçün vacib bir platformadır".
Bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) qatılan Rusiya Federasiyasının nümayəndəsi Nikita Tsıkun Oxu.Az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, tədbir zamanı iştirakçılar Azərbaycan nümayəndələri ilə fikir və təşəbbüslər mübadiləsi aparıblar:
"Forum yüksək səviyyədə təşkil olunub. Bir çox maraqlı eksponatlar var. Könüllülər və təşkilatçılar həmişə kömək etməyə və məsləhət verməyə hazırdırlar".
Tsıkun WUF13-ün gənclər arasında böyük maraq doğurduğunu da vurğulayıb. O, Azərbaycan nümayəndələrinin öz təcrübələrini və layihələrini bölüşdüklərini, Rusiya tərəfinin isə öz növbəsində əməkdaşlıq üçün öz ideyalarını təklif etdiyini bildirib:
"Ümid edirik ki, gələcəkdə gənclər sahəsində əlaqələrin inkişafını davam edəcəyik və birlikdə daha çox maraqlı layihələr həyata keçirə biləcəyik".
Rusiya təmsilçisi əlavə edib ki, ölkəsinin gənclərinin Azərbaycan tərəfi ilə uzun müddətdir əlaqələri var:
"Bizim yaxın qonşularımızla çox isti münasibətlərimiz var və təkcə tikinti sahəsində deyil, həm də sosiallaşma və ətraf mühit məsələlərində birgə təşəbbüslərdə maraqlıyıq".
O, həmçinin Azərbaycanda keçirilən COP29-u xatırladaraq, bir çox rusiyalı iştirakçının müsbət təəssüratlarla və gələcək əməkdaşlıq üçün yeni əlaqələr qurduğunu qeyd edib.