Azərbaycanda qanunvericiliyə edilən dəyişikliyə əsasən, 16 yaşadək uşaqların sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət tətbiq edilməsi və 16-18 yaş arası yeniyetmələrin isə valideyn razılığı ilə bu platformalardan istifadə etməsi təklif olunur. Sözügedən məsələ parlamentin üçüncü oxunuşundan keçib.
Qeyd olunan tənzimləmələr, şübhəsiz ki, təhsil sahəsinə də müsbət təsir göstərəcək.
Məsələ ilə bağlı Oxu.Az-a danışan Bakı şəhəri 210 nömrəli tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi Aidə Kamilova vurğulayıb ki, sosial şəbəkələrin olmadığı dövrlə hazırkı dönəmin şagirdlərini müqayisə etdikdə həm müsbət, həm də mənfi fərqlər görünür.
O qeyd edib ki, əvvəllər şagirdlər daha çox kitab oxuyur, müəllimlə canlı ünsiyyət qurur və diqqətlərini uzun müddət bir mövzu üzərində cəmləyə bilirdilər:

"Bu da onların oxuyub-anlama, təhlil etmə və məntiqi düşünmə bacarıqlarının daha yaxşı inkişaf etməsinə şərait yaradırdı. Hazırda isə informasiya çox sürətlə əlçatan olur və bu, böyük üstünlükdür. Lakin sosial şəbəkələrdən həddindən artıq istifadə diqqətin tez yayınmasına, mütaliə vərdişinin zəifləməsinə və dərsə marağın azalmasına səbəb ola bilir. Məsələ sosial şəbəkələrin mövcudluğu deyil, onlardan düzgün və nəzarətli istifadə olunmasıdır. Valideynlər, müəllimlər və cəmiyyət birlikdə uşaqları rəqəmsal mühitdən səmərəli istifadə etməyə yönləndirə bilsələr, sosial şəbəkələr onların inkişafına da müsbət töhfə verəcək. Sosial medianın olmadığı dövrdə uşaqların oxuyub-anlama bacarığı daha yüksək idi. Çünki onların diqqətini daim yayındıran telefonlar, qısa videolar və sosial şəbəkələr yox idi. Şagirdlər daha çox kitab oxuyur, müəllimi diqqətlə dinləyir, oxuduqları mətn üzərində düşünür və nəticə çıxarmağa çalışırdılar. Bu proses onların diqqətini, məntiqi təfəkkürünü, söz ehtiyatını və analiz qabiliyyətini inkişaf etdirirdi. Bu gün informasiya çox əlçatan olsa da, sosial mediadan həddindən artıq istifadə dərin oxu vərdişini zəiflədir, diqqətin parçalanmasına və mətnin mahiyyətini anlamaqda çətinliklərə səbəb olur".
A.Kamilova əlavə edib ki, sosial şəbəkələrdən istifadənin yaşa uyğun tənzimlənməsi və nəzarətli olması uşaqların təhsilinə müsbət təsir göstərə bilər:

"Bu tənzimləmənin tətbiqi Azərbaycan təhsili üçün mühüm müsbət nəticələr verəcək. İlk növbədə şagirdlərin diqqəti dərsə və öyrənmə prosesinə daha çox yönələcək, oxuyub-anlama və məntiqi düşünmə bacarıqları inkişaf edəcək. Bundan əlavə məktəbdə canlı ünsiyyət, əməkdaşlıq və sosial bacarıqlar daha da güclənəcək. Nəticədə müəllim-şagird münasibətləri sağlamlaşacaq, dərslərin səmərəliliyi artacaq və akademik nəticələrə də müsbət təsir göstərəcək. Əlbəttə, bu cür qərar yalnız tənzimləmə ilə məhdudlaşmamalıdır. Valideyn nəzarəti, rəqəmsal savadlılıq və sosial şəbəkələrdən düzgün istifadə mədəniyyəti də paralel şəkildə formalaşdırılmalıdır. Məhz bu halda qəbul edilən qərarın Azərbaycan təhsilinin keyfiyyətinə uzunmüddətli və real töhfə verəcəyinə inanıram".