"Bakının Yasamal rayonunda içməli su borusunda baş verən qəza aradan qaldırılır".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Su Təchizatından açıqlama verilib:
"Məlumat daxil olan kimi dərhal əraziyə briqada və texnika cəlb olundu. Su axıntısının qarşısı alındı və hazırda xəttin təmiri, bərpası istiqamətində işlər görülür".

Bakının Yasamal rayonunda içməli su borusunda baş verən qəza nəticəsində ərazini su basıb.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) şikayət daxil olub.
Bildirilib ki, hadisə Həsən bəy Zərdabi küçəsi, 69, ünvanında baş verib. Su borusunun partlaması nəticəsində küçəyə böyük həcmdə içməli su axıb, ərazidə gediş-gəliş çətinləşib.
"Səhər saat 7-də suyun şırıltısına oyanmışam. Mən çıxanda artıq həyətdə belə bir vəziyyət idi. Yəqin ki, gecə saatlarında baş verib", - deyə şikayətçi bildirib.
Şikayətçi ərazidə aparılan tikinti-qazıntı işləri ilə bağlı əvvəllər də aidiyyəti qurumlara dəfələrlə müraciət edildiyini vurğulayıb. Müraciətlərə baxılmaması nəticəsində bu gün yaranmış vəziyyət həm su təchizatında problemə, həm də ərazidə hərəkətin çətinləşməsinə səbəb olub.