Azərbaycan ictimaiyyəti üçün bu il yenidən təqdim olunacaq “Avropa Şəhərciyi” möhtəşəm bir təcrübədir.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard mayın 31-də İçərişəhərdə açılacaq “Avropa Şəhərciyi” ilə bağlı fikirlərini açıqlayarkən deyib.
Onun sözlərinə görə, “Avropa Şəhərciyi” Avropa İttifaqı ilə Azərbaycan arasında inkişaf edən əlaqələri göstərən bir yoldur:
“Bu Avropa İttifaqının Azərbaycandakı fəaliyyətini nümayiş etdirir və ziyarətçilərini Avropanın nə bəxş edə biləcəyini görməyə, hiss etməyə dəvət edir. Bununla biz ümid edirik ki, Azərbaycanda Aİ üzvləri və Aİ barədə məlumatlar daha da çoxalacaq. Eyni zamanda, bu, bizim zəngin mədəniyyətlərimizi daha yaxşı anlamağa kömək edər”.
Hər kəsi 31 mayda “Avropa Şəhərciyi”ni ziyarətə dəvət edən xanım Mard, əyləncəli, şən bir günün olacağına ümid etdiyini bildirib.
Xatırladaq ki, mayın 31-də İçərişəhərdə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi və Avropa İttifaqına üzv dövlətlərin səfirlikləri, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təşkil olunan “Avropa Şəhərciyi”nin (Eurovillage-2014) açılışı olacaq.
“Avropa Şəhərciyi”ndə Azərbaycandakı Avropa İttifaqının cari layihələri, eləcə də Avropa mədəniyyəti təqdim olunacaq.