Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Şəhid övladlarının incəsənət akademiyası" layihəsinin bağlanış mərasimi keçirilib
17 mart 2025-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi "Şəhid övladlarının incəsənət akademiyası" layihəsinin bağlanış mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirdən əvvəl Beynəlxalq Muğam Mərkəzinin foyesində akademiyanın rəsm qrupunun üzvlərinin əl işlərindən ibarət sərgi təşkil edilib.
Akademiyanın bağlanış mərasimində rəsmi şəxslər, incəsənət xadimləri, şəhid ailələri və KİV nümayəndələri iştirak ediblər. Açılış nitqi ilə çıxış edən "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə layihənin məqsədinin şəhid övladlarının incəsənət sahəsində inkişafına töhfə vermək olduğunu vurğulayıb: "Bu layihə şəhid övladlarının yaradıcılıq potensialını üzə çıxarmaq və onların cəmiyyətə inteqrasiyasına dəstək olmaq üçün nəzərdə tutulub."
Mədəniyyət nazirinin müavini Səadət Yusifova akademiyanın iştirakçılarının qazandığı bilik və bacarıqların onların gələcək inkişafına mühüm təsir göstərəcəyini qeyd edib.
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynova layihənin emosional tərəflərinə toxunaraq deyib: "Bu akademiya təkcə incəsənət deyil, həm də şəhid övladlarının mənəvi dünyasına işıq salan bir təşəbbüsdür."
Çıxışlardan sonra layihənin gedişatını və nəticələrini əks etdirən videoçarx nümayiş olunub.
Rəsmi hissədən sonra tədbir Azərbaycanın tanınmış incəsənət xadimlərinin və akademiyanın musiqi qrupunun üzvlərinin ifalarından ibarət bədii hissə ilə davam edib. Azərbaycan Respublikasının Xalq Artisti Fidan Hacıyeva, həmçinin Əməkdar Artistlər Təyyar Bayramov, İlkin Əhmədov və Aqşin Abdullayevin akademiyanın üzvü olan şəhid övladları ilə duetləri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Tədbir zamanı həmçinin "Qəhrəman övladıyıq" xor qrupunun ifasında sözləri xalq şairi Vahid Əzizə, musiqisi isə Könül Hüseynovaya aid olan "Vətən övladları" mahnısının təqdimatı baş tutub.
Mərasimin sonunda akademiyanı uğurla bitirən şəhid övladlarının mükafatkandırma mərasimi keçirilib.
Qeyd edək ki, üç ay davam edən "Şəhid övladlarının incəsənət akademiyası" layihəsi çərçivəsində iştirakçılar Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində peşəkar təlimçilər - rəssam Nigar Şıxəliyeva və vokal müəllimi Reqina Məcidova tərəfindən keçirilən dərslərdə iştirak ediblər.
"Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi" teqi üzrə xəbərlər
- Beynəlxalq konfransın əcnəbi iştirakçıları Xudavəng monastırı ilə tanış olublar
- "Qordi düyünü"nə düşən inşaat - Tikintisi doqquz ildir ləngiyən Mədəniyyət Sarayı
- Korrupsiyaya görə işdən çıxarılan qadın məmur həbs edildi
- Rasim Balayev: "Proseslər elə gedir ki, bizim heç nədən xəbərimiz yoxdur"
- Adil Kərimli: "İqtisadiyyatı güclü olan ölkələrdə mədəni və yaradıcı sənayeyə diqqət artır"