Xaçmazda sakinlər səhəri açar-açmaz şoka düşüblər.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, Xalq Şairi Səməd Vurğunun büstü parkda sınmış vəziyyətdə aşkar edilib.
Ayaqlar altına atılmış bu büst sevimli şairimiz Səməd Vurğunun büstüdür. Bu gecə, yəni aprelin 30-dan mayın 1-ə keçən gecə, bu büst postamentdən sındırılaraq yerə atılıb. Hansı səbəbdən olduğu isə bilinmir.
Ətrafda yaşayan sakinlər uzun illərdir dincəldikləri bu parkda bu gün səhər tezdən Səməd Vurğunun büstünü dağılmış vəziyyətdə görüblər. Onsuz da bərbad, təmirsiz, üz-gözü qırıq-qırıq edilmiş büstü yerdə görmək sakinləri əməlli-başlı narahat edib. Onlar bu vandalizmi törədən şəxslərin tapılıb ifşa edilməsini tələb edirlər.
Rayon sakini Mehdi Nəsibovun sözlərinə görə, büst özü uça bilməz, çünki 30 ildən çoxdur ki, o heykəl burdadı, necə ola bilər ki, bu boyda tufanda, qasırğada, qarda uçmadı, indi uçdu.
Xaçmaz icra nümayəndəsinin müavini Şıxəli Məmmədəv bir neçə ildir Səməd Vurğun parkının uzunmüddətli icarəyə verildiyini dedi. Bildirdi ki, heykəlin uçması xəbərini bizdən eşidib və heykəlin qorunması ilə bağlı bütün məsuliyyəti də həmin icarədar daşıyır.
Şıxəli Məmmədov:
“Bu, kimin himayəsində, kimin icarəsindədirsə, həmin adam özü baxmalı idi bu parka. Əgər bu parkı alıbsa və bunu hansı məqsədlə edibsə mən deyə bilmərəm, alan şəxsi də tanımıram”.