Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Amin Qəfərli küçəsinin sakinləri yaşayış evlərinin yaxınlığında fəaliyyət göstərən metal qəbulu müəssisəsindən şikayətçidirlər.
Baku TV-yə şikayət edən sakinlərin sözlərinə görə, gecə və səhər saatlarında əraziyə yük maşınları gəlir. Metalların boşaldılması zamanı səs-küy yaranır ki, bu da vətəndaşların rahatlığını pozur. Onlar dəfələrlə müəssisə rəhbərliyinə yaxınlaşaraq iradlarını bildirsələr də, heç bir nəticə əldə olunmayıb.
"Çox əziyyət çəkirik. Gecə vaxtı yük maşınları gəlir, səs-küy yaranır, yata bilmirik", - vətəndaşlardan biri söyləyib.
Digər bir sakin isə qeyd edib:
"Bir ildir biz burada sakit yaşaya bilmirik. Səs-küy, natəmizlik, tullantıların yandırılmasından gələn qoxu bizi narahat edir".
Adının açıqlanmasını istəməyən sözügedən metal qəbulu müəssisəsinin əməkdaşı iddialara cavab olaraq bildirib ki, gecəyarıdan sonra obyektdə iş aparılmır:
"Bir dəfə cərimə də ödəmişəm. Gecəyarıdan sonra burada iş görülmür. İş səhər saat 09:00-da başlayır, mallar yüklənir və gündüz saat 13:00-da işlər yekunlaşır".