Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Sevgilisinə görə Naxçıvanda müəllim işləyən Mikayıl Müşfiqin qətlinin əsl SƏBƏBİ
Baku TV-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış şair Mikayıl Müşfiqə həsr olunmuş araşdırma efirə gedib.
Mikayıl İsmayılzadə Əbdülqadir oğlu 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində, ziyalı ailəsində anadan olub. Əslən Xızının Sayadlar kəndindən olan Mikayıl hələ uşaq ikən ədəbiyyata olan böyük marağı ilə seçilib.
İbtidai təhsilini rus-tatar məktəbində alan Mikayıl Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı məktəbdə oxuyur. Azərbaycan Dövlət Universitetinin dil və ədəbiyyat fakültəsini bitirdiyi il müəllim kimi işləməyə başlayır.
Son iş yeri isə 18 saylı Bakı şəhər orta məktəbi olur. Poetik yaradıcılığa da elə həmin illərdə başlayır və vaxt keçdikcə Mikayıl İsmayılzadə Müşfiqə çevrilir. Mikayıl Müşfiq poetik yaradıcılığında daha çox türk şairlərindən ilhamlanırdı. Mikayıl Müşfiqin, bəlkə də, ən məşhur şeiri 1936-cı ilin yay günlərində yazılan "Yenə o bağ olaydı" şeiridir.
Şeirin ünvanı uzun müddət naməlum qalıb. Bəziləri düşünüb ki, Müşfiq şeiri həyat yoldaşı Dilbər xanıma yazıb, digərləri şeirin ünvanını tanısalar da, bu haqda danışmayıblar. Versiyalardan ən məşhuru isə "Yenə o bağ olaydı"nın Ənvər Məmmədxanlının bacısı Arifə xanıma yazılmasıdır. Arifə xanım çox sonralar o illəri belə xatırlayır:
"Bir gün mən dərsdən qayıdanda Sabir bağının yanında onunla üz-üzə gəldim. Dedi: "Nə xoş bir təsadüf. Nə yaxşı oldu səni gördüm. Məndə sənə çatası bir şey var. O şeiri verəcəyəm sənə". Bükmüşdü, bir dəftər kağızı idi. Verdi, mən də alıb qoydum çantama. Sonra açıb baxanda gördüm yuxarısında yazıb: "Arifəyə. Yenə o bağ olaydı". Ürəyimdə dedim, görən, bizim bağı yazıb bu? Oxuyub gördüm ki, bağda nə olubsa, hamısı bu şeirdədir. Uzun müddət qaldı məndə o şeir. Sonra ərə gedəndə cırdım onların hamısını".
Mikayıl Müşfiqin nə üçün repressiyaya məruz qaldığı barədə bu günə qədər müxtəlif versiyalar səslənir. Müşfiqin kifayət qədər sovet dövrünü tərənnüm edən şeirləri var. Hətta şair "üçdən birə" şeirində Rəsulzadəni "ingilis nökəri" adlandırır. Yazıçılar İttifaqı tərəfindən Müşfiqə ev də verilir. Şairin repressiyasına səbəb kimi bəzən belə bir versiya irəli sürürlər:
Mikayıl Müşfiq Stalinin büstünə tüpürdüyü üçün həbs olunub. Mikayıl Müşfiqin harada basdırıldığı barədə bu günə qədər müxtəlif ehtimallar səslənsə də, bu barədə hələ də konkret nəticəyə gəlinməyib. Onun qəbrinin Qaradağ rayonunun Puta qəsəbəsində və ya Nargin adasında olduğu barədə ehtimallar var.
Ətraflı süjetdə: