Bakı şəhərinin Səbail rayonunda yolun asfalt örtüyünün bərbad hala salınması narazılıq yaradıb.
Bu barədə sakinlər Oxu.Az-ın qaynar xəttinə müraciət ediblər.
Şikayətçilərin sözlərinə görə, rayonun Teymur Elçin küçəsi, 8 ünvanında təxminən doqquz ay əvvəl su xətlərinin yenilənməsi ilə bağlı qazıntı işləri aparılıb, köhnə borular yeniləri ilə əvəzlənib. Lakin işlər başa çatdıqdan sonra qazılan ərazilərə asfalt örtüyü çəkilməyib.
Müraciət sahibləri bildiriblər ki, bununla bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, problem indiyədək həllini tapmayıb. Nəticədə yolların və həyətlərin vəziyyəti xüsusilə yağışlı havalarda daha da pisləşir, ərazidə palçıq yaranır.
Məsələ ilə bağlı İri Şəhərlərin Su Təchizatından Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə əlaqədar aidiyyəti üzrə məlumat verilib. Yaxın günlərdə asfalt qatının bərpası təmin ediləcək.