2025-ci il noyabrın 21-də paytaxtın Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar məsuliyyətə cəlb edilən "TAXES GROUP" MMC-nin ("Loft Klinika") qanuni təmsilçisi və direktoru Bəhruz Paşayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Fatimə Məmmədova ifadə verib.
O bildirib ki, hadisə günü xəstəxanadan evə qayıdıb:
"Yoldaşım və yeddi aylıq uşağımız da evdə idi. Yanıq iyi gəldi, yoldaşıma dedim. Qapını açanda tüstü olduğunu gördük. Yoldaşım zəruri əşyaları - geyim və pulları götürməyi tapşırdı. Uşağı da götürüb aşağı düşməyə çalışdıq. Qapını açan kimi tüstü ilə qarşılaşdıq. Fənər tutsam da, göz-gözü görmürdü. Nəfəs almaq mümkün deyildi. Güclə aşağı düşməyə başladıq. Birinci mərtəbəyə çatanda yıxıldım və ayağım sındı. Bu vəziyyətdə binadan çıxa bildik. Küçədə səs-küy var idi. Yoldaşım maşın tapdı və xəstəxanaya getdik. Orada ilk növbədə uşağa baxılmasını xahiş etdim. Həmin vaxt biz də zəhərlənmişdik".
Zərərçəkmiş qeyd edib ki, ailəsi ilə birlikdə həmin binada kirayədə yaşadığı üçün binanın aşağı mərtəbəsindəki obyektlərdən və onların fəaliyyəti ilə bağlı məsələlərdən xəbərdar olmayıb. O, təqsirləndirilən şəxsi tanımadığını da bildirib:
"Həmin obyektin sahibi ilə bina sakinləri arasında problemlərin olması barədə məlumatım olmayıb. Çünki evdar qadın olmuşam, çox vaxt evdən çıxmamışam. Özüm, yoldaşım və azyaşlı övladım zərərçəkmişik. Təqsirləndirilən şəxsdən şikayətçiyəm".
Daha sonra hadisə zamanı həyatını itirən Könül Vəlibəylinin qızı, zərərçəkmiş Ləman Qulamova ifadə verib. O, yanğın baş verən zaman evdə olduğunu və binadan çıxaraq birinci mərtəbəyə düşdüyünü bildirib:
"Həmin vaxt özümü itirdim. Daha sonra baş verənlərdən xəbərim olmayıb. 10 gün komada qalmışam, 11 ay müalicə almışam. Vəziyyətim yaxşı deyil, hələ də sağalmamışam. Bu müddətdə müalicə alsam da, nəticəsi olmayıb. Təqsirləndirilən şəxsdən şikayətçiyəm".
Qeyd edək ki, 2000-ci il təvəllüdlü Ləman Qulamova yanğın zamanı tüstüdən zəhərlənərək komaya düşüb, sonradan komadan ayılıb. Onun anası, Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli (Könül Hümbətova) isə hadisə zamanı həlak olub.
Təqsirləndirilən Bəhruz Paşayev zərərçəkmişdən üzr istədiyini, Könül Vəlibəyli ilə bağlı baş verənlərə görə peşman olduğunu bildirib. O, bu işdə özünün də aldadıldığını iddia edərək, özünü günahkar saydığını deyib və zərərçəkmişdən onu bağışlamasını istəyib.
Digər zərərçəkmiş Vüqar Babaxanov isə hadisə zamanı bacısı ilə birlikdə evdə olduğunu bildirib. Onun sözlərinə görə, evə qayıtdıqdan iki dəqiqə sonra yanğın olduğunu hiss ediblər. Qapını açanda isə hər yerin tüstü ilə dolu olduğunu görüblər:
"Anama zəng edib hadisə barədə məlumat verdim. Anam bizə balkona çıxmağı məsləhət gördü. Təxminən 25 dəqiqə sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşı gəldi. Əvvəlcə bacımı çıxardılar. Hər yer tüstü içində idi. Bizi xəstəxanaya apardılar".
Qeyd edək ki, 2025-ci il noyabrın 21-də paytaxtın Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla əlaqədar Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanıb və ibtidai istintaq aparılıb.
İstintaq zamanı aidiyyəti dövlət qurumlarının, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının və müvafiq ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb və çoxsaylı istintaq hərəkətləri icra edilib.
İstintaqla müəyyən edilib ki, binanın zirzəmisində baş vermiş yanğın nəticəsində üç sakin - Arzu Qəmbərli, Samir Məhəmmədov və Könül Hümbətova həlak olub, 25 nəfər tüstüdən zəhərlənib. Həmçinin müxtəlif şəxslərə məxsus əmlaka ziyan dəyib.
Bundan başqa, istintaq zamanı hadisənin baş verdiyi binanın zirzəmi qatında və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini icarəyə götürmüş "TAXES GROUP" MMC-nin ("Loft Klinika) qanuni təmsilçisi və direktoru Bəhruz Paşayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi həmin qaydaları pozduğu müəyyən edilib. Onun ehtiyatsızlıqdan üç nəfərin ölümünə və digər ağır nəticələrə səbəb olmaqda əsaslı şübhələr var.
Noyabrın 23-də Bəhruz Paşayev şübhəli şəxs qismində tutulub, noyabrın 24-də isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Bəhruz Paşayev barəsində həbs qətimkan tədbiri seçilib.
Onu da qeyd edək ki, hadisə zamanı həyatını itirən Arzu Qəmbərli Vəkillər Kollegiyasının üzvü Əli Qəmbərovun övladı olub. Digər həlak olan Könül Hümbətova isə Bakı Milli Geyim Evinin rəhbəri olub.
Elgün Həsənli