Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“Sükutun səsi”: “Ailəmi iki aydan bir görürəm, atam üçün çox darıxıram” - REPORTAJ
Əli ilə mənə “gəl” deyir. Təxminən beş yaşlarında olan bu uşağın gözlərində həyat eşqi görürəm. Yaxınlaşıram. Boynumu qucaqlayır. Sanki o kiçik qəlbindəki sevinc və məsum sevgini məni bərk-bərk qucaqlamaqla göstərmək istəyir. Qeyri-ixtiyari kövrəlirəm, amma bunu ona hiss etdirməmək üçün gülümsəyirəm. Bunun necə çətin olduğunu isə izah edə bilmərəm.
Nihadla qucaqlaşıb görüşəndən sonra müəlliminin köməyilə işarət dili ilə mənə izah edir: “telefonu aç və şəkil çək”. İstəyini yerinə yetirib, selfi çəkirik.
Elə bu vaxt Oxu.Az-ın fotoqrafı Ramil Zeynalov bizi görür və şəkil çəkir.
Nihad Qarazadə sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbində qalır.
O deyir ki, burada evləri üçün darıxır, amma burada qalmaq da yaxşıdır.
- Nihad, burada günlərin necə keçir?
- Yaxşı keçir. Çoxlu dostlarım var.
- Kimin üçün daha çox darıxırsan?
- Bacım üçün. Həftədə bir dəfə evə gedəndə onunla çoxlu qucaqlaşırıq.
Nihadın müəllimi deyir ki, o, hər evdən məktəbə qayıdanda bacısı haqqında danışır.
Çox deyil, sadəcə, 10-15 dəqiqə. Əllərinizlə qulaqlarınızı bərk-bərk tutun. Gözləyin. Nə eşidib hiss edəcəksiniz? Təbii ki, böyük bir sükut, boşluq... Və bu sükut bir neçə dəqiqə də olsa, insanı vahimələndirir. Sanki ayrı aləmə düşürsən.
Haqqında danışacağım uşaqlar isə illərdir bu sükut dünyasında yaşayırlar. Lakin bununla belə, onların sakit hesab etdiyimiz dünyasının da öz səs-küyü, sevinc çığlıqları var.
Sadəcə, onlarla iki-üç saat keçirmək kifayət edir ki, səs-küylü zalda o səsi eşitmədən necə gözəl və ritmlə rəqs etməsinin şahidi olasınız.
Təhsil Nazirliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təşkil etdiyi bayram şənliyində bunların şahidi olduq.
Şənlikdə müxtəlif kompozisiyalar təşkil olunmuşdu. Uşaqların rəqs müəllimi kənardan onlara işarələrlə başa salır və onlar musiqinin səsini duymadan ritmlə rəqs edirdilər.
2 nömrəli xüsusi internat məktəbi 1962-ci ildən fəaliyyət göstərir. Məktəbdə təhsil alan şagirdlər eşitmə məhdudiyyəti olan uşaqlardır.
Hazırda internat məktəbində 210 şagird təhsil alır, onlardan 120 nəfəri müəssisədə gecələyir. Şagirdlərin təlim-tərbiyəsi ilə 39 müəllim və 28 tərbiyəçi məşğul olur. İnternat məktəbində ümumtəhsil fənlərindən əlavə “Tələffüz və eşitmənin inkişafı üzrə fərdi iş”, həmçinin, “Mimika və daktioloji iş” dərsləri 13 loqoped müəllim tərəfindən fərdi şəkildə tədris olunur.
Məktəbin direktoru Nisə Nəcəfbəyovanın sözlərinə görə, buradakı uşaqlar daha çox incəsənətə meyilli olurlar:
“Şənlikdə göstərilən rəqsləri uşaqlar müəllimləri ilə birlikdə özləri hazırlayıb. Məktəb 2015-ci ilin noyabr ayında əsaslı təmir və tikinti işləri yekunlaşdıqdan sonra şagirdlərin istifadəsinə verilib. Şagirdlərin peşəyönümlü təlimi üçün tədris emalatxanalarında dərnəklər - tikiş, aşpazlıq, toxuculuq, xalçaçılıq, çilingərlik dərnəkləri fəaliyyət göstərir. İnternat məktəbində rəqs, teatr, rəssamlıq kimi dərnəklər də təşkil olunub”.
Cari tədris ilində Təhsil Nazirliyi tərəfindən xüsusi internat məktəbinin yataqxana korpusu əsaslı təmir olunaraq müasir tələbələrə cavab verən yeməkxana, istirahət və yataq otaqları ilə təmin olunub.
- Zivər Əhmədova, burada dərsə gəlməkdən məmnunsan?
Əli ilə “Əla” işarəsin göstərir.
Onun arzusu rəqs müəllimi olmaqdır. Daha sonra Zivər qaçaraq, öz şagird dostları ilə rəqs etməyə gedir...
Şənlik davam edir.
Biz isə sevgi dolu uşaqlardan biri olan Qafar Nəhmətovla söhbətləşək.
O, Yardımlı rayonundandır.
- Ailəm orada yaşayır. Bir-iki aydan bir gəlirlər.
Kövrəlir. Yenidən gülmsəyərək, “Tətillərdə ailəmlə qalıram, günlərimiz yaxşı keçir. Amma evdə olmaq daha yaxşıdır. Ailən yanında olur axı. Hamı üçün darıxmışam, amma atam üçün lap çox”.
O, gözəl rəqs edir. Mənim əlimdən tutaraq şənlik olan zala dəvət edir ki, rəqsini izləyim.
Çəkiliş üçün gedən həmkarlarımızla birlikdə uşaqlarla rəqs edirik. Onlarla sağollaşırıq.
Ümid edirik ki, bu hissiyatlı, istedadlı uşaqların səsi-sorağı gələcəkdə gözəl yerlərdən gələcək.
Gəlin, onları sağlamlıq imkanları məhdud olduqları üçün cəmiyyətdən təcrid etməyək.
Səssiz, yaşadıqları boşluqda onları yalnız buraxmayaq. Necə ki, bu uşaqlar əl-qol hərəkətləri ilə bir-birilərini elə gözəl anlayırlar ki...
İlhamə Əbülfət
FOTO: Ramil Zeynalov
"Yardımlı" teqi üzrə xəbərlər
- Yardımlıda narkokuryerlikdə şübhəli bilinən qohumlar saxlanılıblar
- Stereotipləri qıran kənd uşaqları: "Məzun olmaqla iş bitmir"
- Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
- Ağır yanıq xəsarətləri alan körpənin dəstəyə ehtiyacı var - FOTO
- İşğaldan azad edilən ərazidə həlak olan polislər dəfn edildilər - FOTO/VİDEO
Rəylər