Şəki Rayon Təhsil Şöbəsi Baş Zəyzid kəndinin orta məktəb şagirdlərinin doğum evində dərs keçməsinə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, Təhsil Şöbəsinin cavab məktubunda bildirilir ki, Şəki rayonunun Baş Zəyzid kənd tam orta məktəbi 1977-ci ildə tikilmiş 624 şagird yerlikdir.
2011-ci ilin aprel-may aylarında Şəki-Zaqatala bölgəsində baş vermiş zəlzələ nəticəsində məktəbin binası qəzalı vəziyyətə düşüb.
Fövqəladə Hallar Nazirliyinin komissiyası məktəbdə dərs keçilməsinə icazə verməyib. Hazırda məktəbin 36 sinif komplektindən 13-ü qonşu Vərəzət məktəbinin II növbəsində, 15 sinif keçmiş poliklinika binasında, 4 sinif keçmiş kolxozun inzibati binasında, 4 sinif bələdiyyənin binasında dərs keçir.
Təhsil Şöbəsindən verilən məlumata görə, şagirdlərin qış vaxtı donmaması üçün yardımçı binalardakı otaqlar odun sobası ilə qızdırılır. Dərslər normal davam edir. Kənddə yeni məktəb binasının tikilməsi üçün layihə-smeta sənədləri hazırlanır.
Elvin Əhmədov
www.oxu.az