Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Torpaq Məcəlləsinə edilən dəyişikliklərlə bağlı brifinq keçirilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dekabrın 16-da Torpaq Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər barədə brifinq keçirilib.
Oxu.Az xəbər verir ki, ƏMDX-nin rəis müavini Rüstəm Şahbazov Məcəlləyə edilmiş əlavə və dəyişikliklərin əsas istiqamətləri və mahiyyəti barədə media nümayəndələrinə məlumat verib.
Qeyd edilib ki, kənd təsərrüfatı məhsullarının emalı sənayesinin inkişafı aqrar sektorda biznes mühitinin daha da yaxşılaşdırılmasına xidmət edir. Bu baxımdan, "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli Qanunun qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir və Qanunu 2025-ci il yanvarın 1-dən qüvvəyə minməklə tətbiqinə başlanılacaq.
Qanunun müəyyən etdiyi yeniliklərə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş, habelə işçilərin müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililər inşa edilə və quraşdırıla bilər. Bu tikililər sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1 faizinədək hissəsində tikilə bilər. Bu halda yay və qış otlaqları, ümumi istifadədə örüş sahələri istisna təşkil edir.
Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti-quraşdırma işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsini və yerli icra hakimiyyəti orqanlarını məlumatlandırılmaqla aparılacaq. Tikinti işlərinin aparılmasına dair tələblər isə müvafiq Qanunla müəyyən edilib.
Qeyd edilib ki, istixanalar və suvarma infrastrukturlarının inşası və quraşdırılması zamanı 5 hektara və bir faizə dair məhdudiyyətlər tətbiq edilmir.
Yeniliklərdən biri də torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi məsələləridir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2024-cü il tarixli Fərmanına əsasən, yay və qış otlaqları, örüş və biçənəklər istisna olmaqla, mülkiyyətçilər öz torpaqlarının məqsədli təyinatını kateqoriya daxilində dəyişmək imkanı əldə edirlər. Əkin və çoxillik əkmələrin altında olan kənd təsərrüfatı yerlərinin bir-biri arasında məqsədli təyinatının dəyişdirilməsi torpaq sahələrinin mülkiyyətçiləri və ya icarəçiləri, həmçinin istifadəçiləri tərəfindən həyata keçirilir.
Qeyd edək ki, torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və kateqoriya daxilində məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı müraciətlər bilavasitə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ediləcək. Bu müraciətlərə baxılması prosesi "vahid pəncərə" prinsipi əsasında elektron qaydada həyata keçiriləcək. Qaydalar 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.
Dövlət orqanları tərəfindən torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi ilə bağlı müraciətlərə rəy verilməsi prosesi Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçiriləcək. Bu halda, aidiyyəti dövlət orqanları 10 iş günü müddətində rəylərini elektron qaydada bildirməlidirlər. Göstərilən müddətdə rəylər təqdim edilmədikdə, torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi aidiyyəti dövlət orqanı ilə razılaşdırılmış hesab olunacaq.
Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir.
Beləliklə, bu Fərmanla torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və məqsədli təyinatının dəyişdirilməsinin daha təkmil, sadə və elektron şəkildə həyata keçirilən proseduru müəyyən edilib. Bu prosedur vətəndaşlara daha rahat və şəffaf xidmət göstərilməsinə imkan yaradacaqdır.
Sonda media nümayəndələrinin sualları cavablandırılıb.
"Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX)" teqi üzrə xəbərlər
- Torpaqdan təyinatdan kənar istifadə halları üçün cərimələrin məbləğləri nəzərdən keçiriləcək
- İlqar Həbiyev: "Dövlət qurumları 10 iş günü müddətində rəylərini elektron qaydada bildirməlidirlər"
- Rüstəm Şahbazov: "Mühafizə zolaqlarına düşən tikililərlə bağlı işçi qrupu yaradılıb"
- Rüstəm Şahbazov: "Yay və qış otlaqları, ümumi istifadədə örüş sahələri istisna təşkil edir"
- Azərbaycanda bələdiyyə torpağına dair müsabiqə ləğv edilib
Rəylər