Kubra Məhərrəmova yazır...
Neçə-neçə ailəyə problem yaradan, neçə-neçə gəncin ailə qurmasının qarşısını alan ifrat "toylar" nəhayət ki, azalır.
Dəfələrlə şahidi olmuşam, iki gənc bir-birini sevir, ailə həyatı qurmaq istəyir. Amma gələcək qudaların "sən ucuz yerdə nişan keçirtdin", "sən də ucuz xonçalarla gəldin" didişməsindən sonra gənclər "ailələrimiz yola getmir" deyərək nişanı qaytarırlar. Ya da gənclər münasibəti bir təhər toy mərasiminə kimi gətirib çıxarırlar, yenə də toyda dava düşür ki, "mən qızıma/oğluma bahalı yerdə toy edəcəkdim, sənə görə ucuz yerdə elədim, qohumların yanında biabır oldum".
Diqqət edin! Açar söz: "Qohumların, qonşuların, iş yoldaşlarının yanında biabır oldum!" Yəni nə olursa olsun, əsas məqam tamaşaçıların toy teatrından razı qalması və alqışlamasıdır. Bəziləri isə borc-xərc, bankdan kredit, sələmə pul götürməyə qədər bütün yollara əl atırlar ki, təki məclis təmtəraqlı olsun!
Gənclərin fikri isə çox zaman diqqətə alınmır, "hamı necə, onlar da elə" düşüncəsi ilə yola verilir.
Amma son araşdırmalar və müşahidələr onu deməyə əsas verir ki, artıq gənclərimiz "toy" işğalına qarşı kifayət qədər tutarlı müqavimət göstərir və hətta iddia edə bilərik ki, bəzi cəbhələrdə ona qalib gəlirlər. Doğrudur, biz hələ tam qələbədən danışa bilmərik, lakin bunun o qədər də uzaqda olmadığının fərqindəyik.
Son zamanlar şadlıq evlərinin sahibləri də, onları işlədənlər də eyni sözü təkrarlayırlar: "Toylar azalıb".
Məntiqlə azalmalıdır.
Birincisi, qiymətlərin fantastik olması. Bir zamanlar 50 manatlıq toy menyusu indi 150 manata qalxıb. Keyfiyyət qalxıbmı? Qətiyyən.
İkincisi, iki gəncin nikah mərasimində niyə 400-600 nəfər bir-birini, ələlxüsus bəylə gəlini tanımayan adam bir məkanda altı saat oturmalı, yeyib-içməlidir?
Üçüncüsü, bu həngamədən niyə şadlıq evinin yiyəsi böyük məbləğdə qazanc əldə etməlidir? Elə bu pulu verək gənclərin özünə, xərcləsinlər də.
Mən hələ qızıl-brilyant xərclərini demirəm - ortalama 3 000 - 10 000 manat arası edir. Orta aylıq əməkhaqqının neçə mislidir bu?
"Hə" və elçilik-nişan mərasimləri üçün xərclənən, əslində lüzumsuz olan on kiloqramlarla konfetlər, şirniyyatlar, tortlar və s.
Hələ təzəliklə, son 10 ildə insanların həyatını qara əskiyə bükən "xınayaxdı" mərasimləri. "Hakışta" deyib stollardan pul dilənən "xalaların" şousu. Toy sahibinin üzərinə əlavə xərc və borc qoyan mənasız pul tələsi. Diqqət edin, məsələ adət-ənənələrdən getmir. Bizim "milli adət" dediyimiz şeylərin əksəriyyəti əslində ilkin adət formasından çıxaraq şadlıq evlərinin və toy sənayesinin uydurduğu marketinq tələləridir. Toyda qonaqların başına "yanan üzərlik" fırladan ofisiantlar kimi...
Onu da deyim ki, xərclər bununla bitmir. Hələ qızın və oğlanın qohum-əqrəbasına ediləcək hədiyyələr də xərclər siyahısında mövcuddur. Üstünə bütün bu mərasimlərin foto-video çəkilişlərini, evin və binanın həyətinin bəzədilməsini, musiqiçiləri və tamadaları gəlin.
Bu qədər stres və əsəb nəyə və kimə lazımdır? Nədir-nədir, üç gün tanış-biliş deyəcək ki, "hə, qəşəng toy idi".
Çox sevinirəm ki, müasir gənclər sağlam düşüncə ilə köhnə fikirlərin üstündən xətt çəkir, öz istədikləri kimi - yaxın ətrafla, balaca məclislə və az xərclə nikah mərasimi edirlər. Əllərində olan məbləği isə səyahətlərə, gələcəyə sərmayəyə xərcləyirlər.
Bir anlıq düşünək: birgecəlik şouya xərclənən 20-30 min manat əslində gənc ailə üçün Bakıda 2-3 illik kirayə pulu, biznes startapı və ya xaricdə magistr təhsili deməkdir. Mənzil almaq üçün ilkin ödəniş, ya da avtomobil deməkdir.
Ümid edirəm ki, bu tendensiya, gənclərin maliyyə savadlılığı və əllərində olan maliyyəni öz gələcəklərinə sərmayə etməsi bir gün Qafqaz sıra dağları kimi küçələrdə sıralanan şadlıq evlərinin qapısına qıfıl vurduracaq.
Amma "üçbaşlı əjdaha" hələ də sağlam düşüncəyə məğlub olmaq istəmir. Şadlıq evlərinin menecerləri deyir ki, "toy yoxdursa, bu şadlıq evlərini "elit" yas evlərinə çevirəcəyik". Adamlar evlənməyə bilər, təmtəraqlı toy da etməyə bilər, amma hamının ölüsü var.
Lakin elə bu menecerlərə demək istəyirəm ki, sabah məhz elə bu gənclər ölü yiyəsi olacaq. Bu gün sizə öz halal pulunu yedirtməyən ağıllı, düşüncəli gənclər sabah yas mərasimlərini də sadə keçirəcəklər. Çünki artıq "yox" deməyi bacaran gənclik yetişir. Kompromisə getmədən, manipulyasiyaya uğramadan, nə istədiyini bilən bir gənclik! Artıq onları bizim kimi "camaat nə deyər?" manipulyasiyası ilə təzyiq altında saxlaya bilməyəcəksiniz. Onlar gözünüzə dik baxaraq "sənə qalmayıb" cavabını verəcək. Və bu, möhtəşəm olacaq.
Nəhayət ki, illərlə boyunduruq olan lazımsız xərclərdən canımız qurtarır.