Əsrlərdir dünyanı təsəvvür etməyimizə təsir edən Merkator xəritəsinin qitələrin həqiqi ölçülərini dəqiq əks etdirmədiyi bildirilir.
Oxu.Az xəbər verir ki, sentyabrın 4-də BMT Baş Assambleyası daha dəqiq dünya xəritələrinin istifadəsini dəstəkləyən qətnamə qəbul edib. Qətnamənin lehinə 164 ölkə səs verib, altı ölkə isə bitərəf qalıb. Yalnız ABŞ sənədin əleyhinə səs verib.

Qətnamənin hüquqi baxımdan məcburi xarakter daşımadığı qeyd olunsa da, məktəblərdə istifadə olunan xəritələrə, tədris materiallarına və gündəlik texnologiyalara təsir göstərəcəyi, Yer kürəsinin quru sahələrini daha dəqiq əks etdirən xəritə proyeksiyalarından istifadənin genişlənməsinə səbəb ola biləcəyi də istisna edilmir.
Mütəxəssislərin diqqətini çəkən əsas nüanslardan biri məsələnin uzun illərdir müzakirə olunmasına baxmayaraq, BMT-də bu istiqamətdə qərarın məhz indi dəstəklənməsi olub.
Merkator xəritəsinin xüsusiyyətləri haqqında Oxu.Az-a danışan Coğrafiya İnstitutunun baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Həsən Nəbiyev sözügedən dəyişikliklərin məktəblərdə istifadə olunan xəritələrə və tədris materiallarına nə dərəcədə təsir göstərəcəyi məsələsinə də münasibət bildirib.

O bildirib ki, XVI əsrin ən məşhur kartoqraflarından biri olan Gerard Merkatorun yaratdığı proyeksiya asan naviqasiya üçün, xüsusilə dənizçilər tərəfindən istifadə olunan xəritələrdə tətbiq edilməyə başlayıb.
"Merkator proyeksiyası xəritədə istiqamətlərin düzgün göstərilməsi baxımından böyük üstünlük versə də, bunun qarşılığında ərazilərin ölçüsündə ciddi təhriflərə səbəb olur. Buna baxmayaraq, bu proyeksiya uzun illər ərzində istifadə olunan standart xəritə sistemi kimi qorunub-saxlanılıb.
Son zamanlar isə Merkator xəritəsi ətrafında müxtəlif mübahisələr yaranmasının əsas səbəblərindən biri xəritədə ölkə və qitələrin real ölçülərinin düzgün əks olunmamasıdır. Məsələn, Qrenlandiyanın sahəsi təxminən 2.2 milyon kvadratkilometr, Avstraliyanın sahəsi isə təxminən 7.6 milyon kvadratkilometrdir. Buna baxmayaraq, Merkator xəritəsində Qrenlandiya Avstraliyadan daha böyük görünür.
Bildiyimiz kimi, kürə formasında olan Yer səthini müstəvi üzərində göstərmək olduqca çətindir. Yer səthini xəritəyə köçürərkən müxtəlif növ təhriflər meydana gəlir. Bunlara məsafə, bucaq, forma və sahə təhrifləri daxildir.
Bu təhrifləri azaltmaq üçün müxtəlif xəritə proyeksiyalarından istifadə edilir. Bəzi proyeksiyalarda məsafələr daha dəqiq göstərilir, lakin bu zaman bucaq və ya forma təhrif oluna bilər. Digər proyeksiyalarda isə sahənin düzgün göstərilməsinə üstünlük verilir. Yəni bütün göstəriciləri eyni vaxtda tam dəqiq əks etdirən xəritə proyeksiyası mövcud deyil.
Merkator xəritəsinin əsas problemi kürə formasında olan Yer səthinin düz müstəviyə köçürülməsi zamanı xüsusilə şimal və cənub qütblərinə yaxın ərazilərdə böyük təhriflərin yaranmasıdır. Bu səbəbdən Afrika kimi nəhəng qitələr real ölçülərindən daha kiçik, Qrenlandiya və Avropa kimi yüksək enliklərdə yerləşən ərazilər isə olduğundan daha böyük görünür.

Məsələn, Rusiya, ərazisinin böyük olmasına baxmayaraq, şimal və şimal-şərq hissələri xəritədə real ölçülərindən daha geniş və şişirdilmiş formada göstərilir.
Buradan da görünür ki, yüksək enliklərdə yerləşən Şimali Amerika və Avropa xəritədə olduğundan daha böyük görünür. Ekvatora yaxın yerləşən Afrika, Çin, Pakistan və Cənubi Amerika kimi ərazilər isə Merkator proyeksiyasında nisbətən daha az təhrif olunur.
Beləliklə, Merkator proyeksiyası naviqasiya baxımından olduqca əlverişli olsa da, qitə və ölkələrin real sahələrini müqayisə etmək üçün ideal xəritə hesab edilmir", - deyə H.Nəbiyev bildirib.
Məktəblərdə xəritələrin dəyişdirilməsi məsələsinə gəlincə, dosent hesab edir ki, bizim mövcud xəritələrdə bu dəyişiklik elə də böyük əhəmiyyət daşımır:
"Çünki bizim uşaqlara Şimali Amerikanın, Cənubi Amerikanın və Avstraliyanın xəritədəki ölçülərinin necə göstərilməsi o qədər də təsir etmir. Bizim üçün əsas məsələ Azərbaycanın xəritədə düzgün yerləşməsini bilməkdir.
Azərbaycan xəritədə orta enliklərdə yerləşir və bizim uşaqlar üçün öz ölkələrini, eləcə də qonşu ölkələrin yerləşdiyi əraziləri düzgün tanımaq daha vacibdir. Mənə elə gəlir ki, Azərbaycan məktəblərində bu proyeksiyanı dəyişməyə ehtiyac yoxdur".