Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Toyota"nın Çin versiyasını əldə edənlər bunları bilirmi? - Uyğunsuzluqlar, zəmanətin olmaması...
"Qeyri-rəsmi şəbəkələr tərəfindən, xüsusilə Çin və digər ölkələrdən, ölkəyə idxal olunan avtomobillərə isə zəmanət təqdim olunmur".
Bu sözləri "Toyota" Qafqaz şirkətinin Azərbaycan üzrə direktoru Rəşad Saracov deyib. O, ənənəvi avtomobil modellərinin Çin versiyalarının Azərbaycana gətirilməsi, alıcıların yaşadığı çətinliklər və digər vacib məsələlərlə bağlı sualları cavablandırıb:
- Rəşad bəy, son vaxtlar Azərbaycana fərqli ölkələrdən, xüsusilə Çindən çoxsaylı yeni "Toyota" avtomobilləri gətirilir və həmin avtomobillər qeyri-rəsmi şəbəkələrdə satışa çıxarılır. Azərbaycana qeyri-rəsmi idxal olunan avtomobillərin nə kimi fəsadları ola bilər?
- Çox doğru qeyd etdiniz. Bu vəziyyət yalnız "Toyota" üçün deyil, digər avtomobil markaları üçün də keçərlidir. Azərbaycan bazarında müxtəlif ölkələrdən paralel idxal olunan avtomobillər var, xüsusilə Çindən gətirilən "Corolla" və "Corolla Cross" modelləri daha çox diqqət çəkir. Bu avtomobillər adətən daha aşağı qiymətlərlə satılır və müştəriləri özünə cəlb edir. Lakin müştərilərin diqqət etməli olduqları bir neçə vacib məqam var. Bu qiymətə cəlb olunmuş avtomobillər daha sonra ciddi şəkildə əlavə xərc, təhlükəsizlik problemləri və uzunmüddətli vaxt itkisinə səbəb ola bilər və müştərilər üçün xoş olmayan sürprizlərlə nəticələnə bilər.
- Qeyd etdiyiniz məqamlar haqqında daha ətraflı məlumat verməyi xahiş edirik. Alıcılar nələrə diqqət etməlidir? Həmin münasib qiymətə olan qeyri-rəsmi idxal edilən avtomobillərin mənfi tərəfləri nələrdir?
- Misal olaraq, Çindən gələn "Toyota"lar yalnız Çinin öz daxili standartlarına uyğun olaraq istehsal olunmuş avtomobillərdir. Əslində bu avtomobillər Çini tərk etməməlidir və fərqli regionda və ya ölkədə idarə olunmamalıdır. Çünki istehsalçılar hər regionun və ölkənin qayda-qanunlarına uyğun mühəndislik və təhlükəsizlik standartları ilə avtomobilləri istehsal edir. Yəni Çindən gələn avtomobillərdə istifadə olunan hissələr Çinin öz yanacağına, yol standartlarına, iqliminə və təhlükəsizlik standartlarına uyğun istehsal olunur. Rəsmi "Toyota" mərkəzlərində satılan avtomobillər isə çoxsaylı Avropa standartlarına uyğun olaraq istehsal olunur. Bu, yalnız mühəndislik məsələlərini deyil, həm də ekoloji standartları, kimyəvi maddələri, salon materiallarını, hətta işıqlandırma və digər texniki avadanlıqları əhatə edir. Azərbaycana rəsmi "Toyota" mərkəzləri tərəfindən idxal olunan avtomobillərin mühərrikləri, asqı sistemləri, maye və sürtgüləri, eləcə də təhlükəsizlik sistemləri Avropa və yerli bazarın tələblərinə uyğunlaşdırılır.
Bilirsiniz ki, Avropaya avtomobil ixrac etmək üçün avtomobillər çoxsaylı təhlükəsizlik sınaqlarından keçir. Bu testlər tam olaraq Avropa tərəfindən tələb olunan standartlardır ki, hər biri Azərbaycana rəsmi yollarla idxal olunan avtomobillərə də şamil olunur və bu standartlara uyğun olaraq istehsal edilir. Bunları deməkdə əsas məqsədimiz alıcıları maarifləndirməkdir. Bu, onlara daha etibarlı və təhlükəsiz seçim etməyə kömək edəcək. Qeyri-rəsmi idxal olunan avtomobillərlə bağlı daha cəlbedici qiymətlər təklif etsələr də, uzunmüddətli perspektivdə əlavə xərclərə, təhlükəsizlik problemlərinə, hətta uyğunsuzluq məsələlərinə gətirib çıxara bilər. Məsələn, bu avtomobillərin ehtiyat hissələri və ya texniki xidmət məsələləri ilə bağlı problemlər yaşana bilər.
- Rəşad bəy, bəs zəmanət məsələsi necə? Çindən idxal olunan "Toyota" avtomobilləri zəmanət əldə edə bilməzlər?
- Azərbaycanda rəsmi diler mərkəzlərindən əldə olunan yeni "Toyota" avtomobillərinə mütəmadi olaraq dövri texniki xidmət rəsmi diler mərkəzlərində yerinə yetirildiyi halda zəmanət müddəti 10 ilə və ya 160 000 km-ə qədər təqdim olunur.
Qeyri-rəsmi şəbəkələr tərəfindən, xüsusilə Çin və digər ölkələrdən, ölkəyə idxal olunan avtomobillərə isə zəmanət təqdim olunmur. Bu, o deməkdir ki, avtomobildə baş verən hər hansı bir qüsur və ya problem müştərinin öz hesabına həll edilməli olur. Belə halda lazım olunan ehtiyat hissələrini avtomobili aldıqları mənbələrə əlavə ödənişlər etməklə və uzun müddət gözləməklə həll oluna bilər, bu da ölkədən əlavə vəsaitin xaricə çıxarılmasına yol açır və müştərilər üçün əlavə problemlərə gətirib çıxarır.
Bundan əlavə qeyd edim ki, Çin istehsalı olan "Toyota" avtomobillərinin ehtiyat hissələrində də uyğunsuzluqlar yaranır. Bir çox hallarda müştərilər rəsmi servislərə müraciət edir, çünki avtomobili aldıqları qeyri-rəsmi şəbəkələr lazımi hissələri təqdim edə bilmir və ya Çindən ehtiyat hissələri çox uzun müddətə göndərilir. Rəsmi servislərə müraciət etmiş müştərilərə mümkün qədər köməklik göstərməyə çalışırıq. Ancaq qeyd edim ki, rəsmi mərkəzlərdə satılan avtomobillər Avropa komplektasiyası olduğuna görə bəzən Çindən gələn avtomobillərlə uyğunlaşmır və bu halda müştərilər, çox təəssüf ki, məyus olur. Rastlaşdığımız hadisələr ön şüşənin, qapıların, ön faraların və s. ehtiyat hissələrinin Çin versiyaları ilə uyğunlaşmamasıdır. Bundan əlavə, rəsmi servis mərkəzlərində avtomobilə quraşdırılmış ehtiyat hissələrinə də zəmanət verilir.
Həmçinin qeyri-rəsmi idxal olunan avtomobillər istehsalçının elan etdiyi xüsusi servis kampaniyalarından da məhrum ola bilərlər.
Yuxarıda sadaladığımız mənfi fəsadlarla qarşılaşmamaq üçün alıcılara yalnız rəsmi mərkəzlərdən avtomobil əldə etməyi tövsiyə edərdim.
- Azərbaycanda "Toyota"nın rəsmi dilerləri hansılardır?
- Nəzərinizə çatdırım ki, "Toyota"nın Azərbaycanda rəsmi diler mərkəzləri "Toyota Bakı Mərkəzi", "Toyota Abşeron Mərkəzi" və "Toyota Gəncə Mərkəzi"dir. Çox təəssüf ki, ölkədə "Toyota" loqosu altında bır sıra qeyri-rəsmi şəbəkələr fəaliyyət göstərir və bu da müştərilər arasında bəzən çaşqınlıq yaradır.
Adını sadaladığım bütün bu rəsmi diler mərkəzlərində, "Toyota" tərəfindən sertifikatlaşdırılmış satış və servis heyəti ən yüksək "Toyota" standartlarına uyğun xidmət göstərir.
"Toyota" teqi üzrə xəbərlər
- "Ford F-150" artıq ABŞ-də ən çox satılan avtomobil deyil: Birinci yeri hansı brend ələ keçirdi?
- "Toyota" maşınlarında xəta aşkarlandı
- "Nissan" "Honda" ilə "övladlığa götürmə" uğursuzluğundan sonra ABŞ-də tərəfdaş axtarır
- Yaponiya şirkəti tərəfindən hazırlanan "Gələcəyin şəhəri"
- 25 il ərzində etibarlılığını itirməyən avtomobillər: İlk 10-luqda hansılardır?