Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Valideynlər övladlarının taleyini sanki qumara qoyub - ŞƏRH
Erkən nikahlar, boşanmalar son illər cəmiyyətin ən ağrılı məsələlərindən biri olaraq qalmaqda, gündəmdən düşməməkdir.
İstər mediada, istər cəmiyyətdə, istərsə də parlamentdə ən çox dilə gətirilən, narahatlıq bildirilən məsələlərdən biri erkən nikahlar və onların nəticəsi olaraq, ailələrin dağılması, boşanmaların adiləşməsi, gənc qadınların və azyaşlı uşaqların taleyin ümidinə buraxılması, zorakılıqlara məruz qalmasıdır.
Qanunvericilik səviyyəsində bir sıra addımlar atılsa da, erkən nikah yaş həddi qaldırılsa da, gender bərabərliyinin təmin olunması, ailə-məişət zorakılığının qarşısının alınması ilə bağlı qanunlar qəbul edilsə də, bir sıra sərtləşdirici məqamlar nəzərdə tutulsa da, yenə də erkən nikahların sayı durmadan artmaqda, boşanmaların, qadınların, uşaqların fiziki, mənəvi və cinsi istismara məruz qalması tendensiyası artım tempi üzrə irəliləməkdədir.
Ancaq bununla belə, millət vəkilləri, tanınmış ziyalılar, o cümlədən, Ailə, Qadın və Uşaq Problemlərinin Həlli üzrə Dövlət Komitəsi bu məsələni gündəmdə saxlamaqda, maarifləndirmə-təbliğat işlərini davam etdirməkdədirlər.
Millət vəkili Kamilə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, bu istiqamətdə işlərin daha da sürətləndirilməsi lazımdır, maarifləndirmə-təbliğat işlərinə cəmiyyət, xüsusilə sözü və çəkisi olan ziyalılar səfərbər edilməlidirlər:
“Erkən nikahların və onların acı nəticəsi olaraq, boşanmaların, ailə faciələrinin kökündə isə məhz savadsızlıq, təhsildən uzaq olmaq dayanır.
Hələ də valideynlərimiz, ailələrimiz arasında nəyinsə xatirinə övladlarının taleyi ilə qumar kimi oynayanlar var. Onlar sanki övladların taleyini qumara qoyublar. Sanki qaçaqaçdır, hamının qızı ərə getdi, oğlu evləndi, bunlarınkı qaldı.
Bu, nə düşüncədir, bu, nə yanaşmadır? Biz artıq XXI əsrdə yaşayırıq, amma hələ də belə cahillikləri görəndə adam dəhşətə gəlməyə bilmir. Qızları təhsildən yayındırmaqla, valideynlər, ilk növbədə atalar övladlarının gələcək taleyini, xoşbəxtliyini baltalayırlar.
Çox nadir hallarda savadlı, təhsilli, dünyagörüşlü qızların ailə, evlilik problemləri olur. Ən çox ailə dramları, boşanmalar məhz təhsildən, dünyagörüşündən çox-çox uzaq olan ailələrdə yaşanır. Təhsildən, elmdən, dünyagörüşündən uzaq qızlar erkən nikahlar nəticəsində ilk gündən ağırlıqlar, çətinliklər içərisinə düşürlər.
Axı, 15-18 yaşlar arasında olan qızlar (bəzi hallarda oğlanlar) ailənin nə demək olduğunu haradan bilsinlər və ya haradan biləcəklər? Valideynlərimiz, ailələrimiz niyə bunu anlamırlar, başa düşmürlər? Sonra da boşanmalar, küçəyə atılmalar, fiziki, mənəvi, cinsi istismarlar, qətllər...
Hesab edirəm ki, cəmiyyətimizdə buna “dur” demək lazımdır, hər kəs qolunu çırmalayıb, yüksək ailə dəyərlərinə malik olan xalqımızı, ailə institutumuzu bu cür zərərli və çox təhlükəli tendensiyadan uzaqlaşdırmaq üçün kəsərli addımlar atmalıdır.
Bu, elə bir məsələdir ki, hamını, xüsusilə, düşünən insanları narahat etməlidir. Kimsənin bu məsələdə yaxasını kənara çəkməyə haqqı yoxdur.
Qızlarımız, övladlarımız təhsilə yiyələnməli, dünyagörüşlərini artırmalı və inkişaf etdirməli, ailə, övlad sahibi olmaq nə deməkdir, onu anlamalıdır. Bu məsələlərdə isə hər kəs onlara yardımçı olmalıdır”.
Tanınmış sənətçi, Əməkdar artist Aybəniz Haşımova bir sənət adamı və ziyalı kimi erkən nihaklardan, boşanmalardan narahat olduğunu, üzüldüyünü bildirib.
O qeyd edib ki, hər dəfə belə halları eşidəndə çox pis olur, günlərlə özünə gələ bilmir:
“Hesab edirəm ki, qızlarımız təhsil aldıqdan, müəyyən bir sənətə, peşəyə yiyələndikdən, necə deyərlər, ayaqüstə dayanmağı bacardıqdan sonra ailə qursalar, yaxşıdır.
Təbii ki, bunlar yenə də maddi imkanlara söykənir. Təəssüf ki, belə bir məqam, belə bir reallıq da var. Yəni, bəzi ailələrin maddi vəziyyəti övladlarının layiqli təhsil almalarına o qədər də imkan vermir. Amma ümumilikdə qızlarımızın erkən ailə qurmalarının, erkən nikahlara məcbur edilmələrinin əleyhinəyəm.
Özü də nəinki əleyhinəyəm, bunları yolverilməz sayıram. Qızlarımız özləri ailə qurmamışdan öncə ürəyi ilə beyninin nə istədiyinə dəqiq əmin olmalıdır”.
Əməkdar artist deyib ki, ailə qurmağa hazırlaşan qızlar gələcəkdə övladlarının atasının kim olacağına çox dəqiq və yanlışsız qərar verməlidir.
“Axı, övladlarımızın gələcəyi valideynlərinin kim olacağından çox asılıdır. O zaman, düşünürəm ki, xoşbəxt ailəyə sahib ola bilərik”, - deyə A.Haşımova əlavə edib.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
Rəylər