Vətən müharibəsi iştirakçısı Cəlilabad Regional Tibbi-Sosial Ekspert Komissiyasından şikayətçidir.
Oxu.Az-ın qaynar xəttinə müraciət edən Əmrah Talıb oğlu Bayramov bildirib ki, sözügedən müəssisə "forma-88" göndərişini rəsmiləşdirməkdən imtina edib.
O qeyd edib ki, müharibə dövründə aldığı xəsarətə görə ona 5 il müddətinə II dərəcə əlillik təyin edilib, cari ildə isə bu təyinatın müddəti bitdiyi üçün yenidən müayinələrdən keçib:
"25.10.2020-ci il tarixində Vətən müharibəsində döyüş tapşırığını yerinə yetirərkən qarın nahiyəmdən partlayış nəticəsində ağır nüfuz edən qəlpə yarası almışam. Keçirdiyim ağır və mürəkkəb cərrahi əməliyyatların (laparotomiya, nazik və yoğun bağırsaq zədələnmələrinin cərrahi müalicəsi, ileostoma qoyulması və sonradan bağlanması, bağırsaq anastomozunun icrası) nəticəsi olaraq mənə 24.06.2021-ci il tarixində Müharibə ilə əlaqədar olaraq 5 illik müddətə II dərəcə əlillik təyin edilib.
Cari ildə əlillik müddətim bitdiyi üçün təkrar müayinə məqsədilə Astara Rayon Mərkəzi Xəstəxanası tərəfindən ixtisaslaşmış tibb müəssisələrinə göndərildim. Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və 1 nömrəli Psixiatriya Xəstəxanasında keçdiyim ətraflı müayinələrin nəticəsində mənə rəsmi olaraq aşağıdakı tibbi diaqnoz kodları təyin edilib.
Z90.4 - Bağırsaq anastomozunun qoyulması ilə əlaqəli vəziyyət (Həzm sisteminin cərrahi xəstəliyi və rezeksiyası fəsadı);
K56.5 - Bağırsaq bitişmələri (periton bitişmələri) keçməzlik ilə;
K91.3 - Əməliyyatdan sonrakı bağırsaq keçməzliyi;
K59 - Bağırsağın digər funksional pozuntuları;
F62.0 - Fəlakətdən (müharibə travmasından) sonra şəxsiyyətin xroniki dəyişilməsi (Posttravmatik Stres Pozuntusu fonunda);
K29.6 - Digər qastritlər (Yanaşı xəstəlik).
Bu rəsmi tibbi rəylərlə Astara rayonunda ilkin komissiyadan keçdikdən sonra sənədlərim Cəlilabad Regional Tibbi-Sosial Ekspert Komissiyasına göndərilib. Lakin komissiya yuxarıda qeyd olunan xroniki və ağır diaqnozları, keçirdiyim mürəkkəb bağırsaq əməliyyatının fəsadlarını və ən əsası Psixiatriya Xəstəxanasının rəsmi olaraq təsdiq etdiyi ağır müharibə travmasını (F62.0) tamamilə görməzdən gəlib.
Komissiya üzvləri subyektiv yanaşma nümayiş etdirərək, heç bir ciddi tibbi əsas olmadan, yalnız "Sənin çəkin və qan analizin normaldır" bəhanəsi ilə mənə imtina aktı yazıblar və Bakı Tibbi-Sosisal Ekspert Kommisiyasına göndərilməli olan elektron "forma-88" göndərişini rəsmiləşdirməkdən qanunsuz olaraq imtina ediblər. Nazirlər Kabinetinin 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nın 3.4-cü (Həzm sisteminin cərrahi xəstəlikləri) və 7.5.1-ci (Psixi xəstəliklər və şəxsiyyət pozuntuları) bəndlərinə əsasən, bədənimdəki bu funksiya pozuntuları mənə müstəqil şəkildə əlillik dərəcəsinin (və qanunvericiliyə uyğun olaraq müddətsiz/ömürlük) təyin edilməsinə tam hüquqi əsas verir. Həzm sistemimin anatomik və funksional bütövlüyünün pozulması və psixoloji gərginliyim təkcə çəki və ya adi qan analizi ilə ölçülə bilməz", - deyə vətəndaş şikayətində vurğulayıb.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov bildirib ki, bununla bağlı Əmrah Bayramovun müvafiq dövlət qurumuna müraciət etməsi tövsiyə olunur:

"Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş 12 saylı "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"na əsasən, müvafiq stasionar və ambulator müalicə müddətləri tələbi gözlənilməklə əlillik müddətinin bitməsindən sonra pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi halında vətəndaşın qeydiyyatda olduğu tibb müəssisəsinin həkim-məsləhət komissiyası tərəfindən göndəriş verilə bilər. Diqqətinizə çatdıraq ki, əlilliyin qiymətləndirilməsi bir neçə dövlət qurumunun müştərək həyata keçirdiyi prosesdir və vətəndaşın qeyd etdiyi məsələ Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin səlahiyyətlərinə aid deyil".
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna verilən cavaba görə, vətəndaşın sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə iyulun 11-də Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Həkim Məsləhət Komissiyasında müayinə edilib və tibbi sənədlərinə baxış keçirilib:
"Müayinə zamanı tibbi sənədlərində qeyd olunmuş diaqnoz və ağırlaşmaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olmaması səbəbindən xəstəxananın Həkim Məsləhət Komissiyası tərəfindən imtina aktı tərtib edilib və bununla bağlı vətəndaşa müvafiq izahat verilib.
Qəbul edilmiş qərardan narazı qaldığı halda vətəndaş Ə.Bayramov inzibatı qaydada məhkəməyə müraciət edə bilər".