VIII ADA Beynəlxalq Təhsil Konfransında məktəb və universitet modelinə fundamental baxış müzakirə edilib.
Oxu.Az xəbər verir ki, ADA Universiteti və Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçirilən VIII ADA Beynəlxalq Təhsil Konfransının açılış mərasimində ADA Universitetinin Vaşinqton Mərkəzinin prezidenti Qalib Məmməd çıxışı zamanı təhsilin strukturu və məzmunu ilə bağlı mühüm fikirlər səsləndirib.
Onun sözlərinə görə, bu gün məktəbin funksiyası və rolu dəyişib, lakin məktəb hələ də köhnə anlayışla qiymətləndirilir:
"Məktəbin tərifi dəyişib. Ona yeni məna qazandırmaq, statusunu qaldırmaq və modelini yenidən formalaşdırmaq lazımdır. 11 illik məktəb sistemi düzgün deyil. Təhsilə mütləq 5 yaşdan başlanmalıdır. İbtidai təhsil dördillik yox, beşillik olmalıdır. Ümumi orta təhsil dörd, tam orta təhsil üç il olmalıdır".
Q.Məmməd vurğulayıb ki, hazırkı təhsil modeli uşaqların təbii inkişafını və şəxsiyyət kimi formalaşmasını ləngidir:
"Biz uşaqların əlindən sevincini, özünü dərketmə imkanını alırıq. Onlara uşaqlıqlarını yaşamağa icazə vermirik, sadəcə, imtahanlara hazırlaşdırırıq. Halbuki savadlı olmaq üçün intizam, müəllimə və kitaba məhəbbət formalaşdırmaq lazımdır. Əsas məqsəd uşaqları şəxsiyyət kimi yetişdirmək olmalıdır".
O, həmçinin ali təhsilə və universitet sisteminə yanaşmanın dəyişməsinin vacibliyini qeyd edib. Onun fikrincə, universitetlər yalnız yüksək bal toplayan abituriyentlərə fokuslanmamalıdırlar:
"Biz istəyirik ki, uşaqlar mütləq ali təhsil alsınlar. Universitetlər 700 bal yığan bir neçə gəncə görə savaş aparırlar. Bəs digərləri necə hiss etməlidirlər? Bu barədə düşünürükmü? Təəssüf ki, yox. Halbuki peşə sahibi olub, xoşbəxt və uğurlu həyat yaşayan insanlar da var. Bu yanaşmanı da qəbul etməliyik. İxtisas seçimində uşaqlara sərbəstlik verilməlidir".
Q.Məmməd universitet mühitində müəllim və tələbənin münasibətinə də toxunub. Onun sözlərinə görə, müəllim və tələbə universiteti evləri kimi görməlidirlər:
"Müəllimə, sadəcə, saat 9:00-da gəl, 18:00-da get deməklə iş bitmir. Universitet onun evi olmalıdır, eynilə də tələbə üçün. İnsan üç-beş saatdan sonra yorulur. Universitetdə onun qidalanması, istirahəti üçün mühit olmalıdır. Eyni zamanda, müəllimə, dekana, prorektora etimad olmalıdır. Əgər bu etimad yoxdursa, həmin şəxs rəhbər vəzifədə qala bilməz".
Sonda Q.Məmməd qeyd edib ki, ADA Universitetinin əsas hədəfi bilik ötürməkdən daha çox, şəxsiyyət yetişdirməkdir.

Aləmdə Nəsib