Aqşin Yenisey yazır...
Onlar konservləşdirilmiş tarix, hisə verilmiş demokratiya arzulayırlar.
Avropa tarixçilərinin fikrincə, heç bir xeyirxah güc qoca qitənin tarixində tibbin inkişafına, xəstəxana xidmətinin yaxşılaşmasına XIV əsrdən başlayaraq bu qitəni xarabalığa çevirən vəba epidemiyası qədər təsir göstərməyib.
Fransa, İtaliya, Almaniya və İngiltərədəki ən yaxşı xəstəxanalarının əcdadları vəbaya yoluxanların ölümə tərk edildiyi “Miskinxana”lar deyilən, yaşayış yerlərinin ucqarlarında tikilən binalar idi.
Mişel Fuko, səhv etmirəmsə, “Dəliliyin tarixi” kitabında XIV əsrin əvvəllərində Avropada 19 minə yaxın bu cür “miskinxana”nın olduğunu yazır. Vəba ilə mübarizə Avropanın gələcəyinin sağlamlaşdırılmasına yol açdı. Çünki bu dəfə “elnən gələn dərd toy-bayram” deyildi. Avropa “yaşayan ölülərin” qitəsinə çevrilmişdi.
Bu girişlə nə demək istədiyimi yazının irəliləyən abzaslarında açmağa çalışacağam.
Gizli deyil ki, bu gün post-sovet ölkələrində sinifləşmə prosesi yüz il öncə, “ağ padşah”dan sonra hansı zorakılıqla ləvğ edilmişdisə, yenə də eyni zorakılıqla regenerasiya olunur. Dəyişməyən, sadəcə, qurbanlardır ki, tarix onları müxtəlif adlarla çağırır. Bu prosesin ən nəzərəçarpan əlaməti insanların aşkar davranışlarla bir-birilərinə güvənməməsidir.
Zorla gözəllik olmadığı kimi, zorla bərabərlik də baş tutmadı. Ona görə də bu gün kapitalizmin beşiyi olan Avropa ölkələrində insanlar öz-özünü doğuran və doğruldan sosial rifah içində yaşadığı bir dövrdə biz, yəni sosialist internasionalının varisləri olan post-sovet ölkələri klassik sinifləşməyə, az qala, hinduizmə qayıdırıq. Bu da hər kəsin beynində Gertsenin məşhur memuarına ad qoyuduğu “Nə etməli?” sualını yaradır.
Sinifləşmənin ictimai-fəlsəfi əleyhdarlarından biri sinizm düşüncəsidir ki, artıq cəmiyyətimizdə bir ideoloji epidemiya kimi yayılıb. Sinizm düşüncəsi yunanlardan, konkret olaraq, Antisfendən və Diogendən gəlir. Latınca “it” mənasına gələn sinizm insanlara sinifləşmənin qurbanı olmamaq üçün sahibsiz it kimi yaşamağı təklif edir. Antisfeni deyə bilmərəm, amma Diogen özü belə yaşayırdı; çəlləkdən özünə bir yuva düzəltmişdi, bu qədər!
Yunan filosoflarının sinifləşməyə qarşı təklif etdiyi “it həyatı” Kafkanın qırxayağa çevrilən insanını on ildən sonra itə çevirən Bulqakovun “Şarik”inin həyatı kimi süni eksperimentin nəticəsi deyil. Sinizmə görə, insan “sahibsiz it” olmağı könüllü seçməlidir.
Hedonizmin əksi kimi qəbul edilən sinizmə Qərb Buddizmi də demək olar. Dərddən, əzabdan güc alan bu düşüncə öz daşıyıcılarına cəmiyyətdə yuxarılarla aşağıların arasında gedən qarşıdurmalarda qurban olmamaq üçün ailə münasibətlərindən, ictimai həyatdan uzaq qalmağı tövsiyə edir.
Ailə sizi cəmiyyətlə hesablaşmağa məcbur edən başlıca faktordur. Xoşbəxtlik zibillikdəki sahibsizlikdədir! Sinizm aşağı-yuxarı belə deyir. İlk sinikləri ilk proletarlar da adlandırırlar, ancaq bizim tariximizin ən anlaşılmaz hissəsini yaradan proletarlarımızdan fərqli olaraq ilk siniklər zəmanələrinin cahil qisasçıları yox, aristokrat ailələrdən gələn intellektualları idilər.
Onları Yunanstandakı şəhər-dövlətlərdə sosial sinifləşməyə qarşı çıxdıqları üçün ilk anarxistlər də adlandırırdılar. Bizi xoşbəxt edəcəyini vəd edən bütün dəyərlər – pul, ailə, vətəndaşlıq, şöhrət və s. – onların gözündə zibil yığını idi.
Bu qısa tarixi bəzirganlıqdan sonra qayıdaq öz cəmiyyətimizə. Bizdə fərdi sinizm o qədər də geniş yayılmış düşüncə və həyat tərzi deyil. Biləcəridən bu yana fərd üzərində ailə nəzarəti güclü olduğu və ailə mühitinin fərdi ömür boyu özündən asılı vəziyyətdə saxladığı üçün sinizmin bu formasına çox az rast gəlinir.
Bomjluq sinizm deyil, ya da əvvəli sinik düşüncələrdən güc alıb, sonrası tüfeyli həyat tərzi olan bir tənhalıqdır, kimsəsizlikdir. Bizim cəmiyyətə daha çox ictimai sinizm xasdır. İctimai sinizmin isə başlıca əlaməti ictimai olan heç nəyə güvənməməkdir.
Hər dəfə milli futbol komandamız uduzanda deyirlər ki, “biz komanda şəklində oynaya bilmirik”. Bu “milli fərsizliyin” dərində yatan səbəbi cəmiyyətimizə müstəmləkəçilik siyasətindən miras qalan ictimai sinizmdir. “Heç kimə inanmayacaqsan” düşüncəsi yaşıl sahədə “heç kimə pas verməyəcəksən” şəklində üzə çıxır. Bu davranışı ictimai mühiti yaradan bütün sahələrdə görmək olar.
Sosial şəbəkələrdə yalnız özümüzü aşağılamaq üçün fürsət axtaran milli bir beyin sortu var. Bu adamları öldürsən də, Diogen kimi çəlləkdə yaşamazlar, amma sinikdirlər, anarxistdirlər. “Evi, işi, maşını” olan siniklər.
Guya dilimizin söz ehtiyatını bəyənməyib rusca danışırlar, halbuki onlara ömürləri boyu cəmi 200-300 söz bəs edir. Azərbaycanı dəmbədəm İngiltərə, Fransa, Almaniya kimi inkişaf etmiş ölkələrlə müqayisə etməyi sevsələr də, özlərini heç vaxt bir fransız, yaxud bir ingilislə müqayisə etməzlər. Onlara elə gəlir ki, ABŞ indiki şəkliylə göydən düşüb.
Konservləşdirilmiş tarix arzulayırlar. Demokratiyanı və şəriəti bir yerdə istəyirlər. Onlar ona görə, tutalım, sinifləşmənin əleyhinədirlər ki, ağa ola bilmirlər. Ona görə cəmiyyətdə inamsızlıq, etibarsızlıq mühiti yaratmağa, başqalarını ailədən, cəmiyyətdən, ölkədən qoparmağa çalışırlar. Amma özlərinə təsadüfən barmaq uzatsan, biləyindən yapışacaq tiplərdir. İctimai sinizm bizdə özünü bu şəkildə göstərir.
Orta əsrlərdə Avropada cüzamlı xəstələr haqqında belə bir fikir vardı ki, onlar günahkar olduqları üçün tanrının qəzəbinə tuş gəliblər və “ölümdən əvvəlki ölümlə” cəzalandırılıblar və cüzamlı xəstələr, guya, sağlam adamları günahsız olduqları üçün qısqanırlar. Buna görə də onlara paxıllıqları tutur və xəstəliyi sağlam adamlara yoluxdurmaqla onları da öz cəzalarına şərik etmək istəyirlər.
Buna yol verməmək üçün 1179-cu ildə Lateran məclisi cüzamlıların şəhərlərin kənarındakı binalara həbs olunmasını təsdiqləmişdi, hətta onların başqaları ilə eyni qəbiristanlıqda basdırılmasını da qadağan etmişdi.
Bizim ictimai sinizm, təxminən, cüzamlı xəstələrə aid olan bu düşüncənin gerçəkləşmiş bir formasıdır. İctimai sinizmə yoluxmuş biri onu digərlərinə də yoluxdurmaq istəyir; nəticədə biz heç bir sahədə ortaq məxrəcə gələ bilmirik.
Məşhur təmsildəki kimi batan arabanı birimiz göyə, birimiz suya, o birimiz də quruya dartırıq. İctimai sinizm, bəlkə də, bizim cəmiyyətin səmimi-qəlbdən ortaq olduğu yeganə “inanc” növüdür. İctimai sinizm bizdə inamsızlıq inancıdır. Onun da öz cahilləri, fanatları, danəndələri var.
Sosiologiyada ictimai sinizmin bir neçə formasından danışılsa da, bizim cəmiyyətin özünəməxsus bir sinizmi var; vətənlə vətəndaş arasında inamsızlıq, saymamazlıq, yuxarıdan aşağı baxmaq.
Bu növ sinizm, demək olar ki, bütün müstəmləkə xalqlarında müşahidə olunur. Bu xalqlar vətəni müstəmləkəçilərin simasında obrazlaşdırırlar. Vətənə yadlaşmaları da bu şəkildə baş verir. Hindistan iki min illik əsarət tarixi boyunca hindlilər üçün başqası demək idi. Ona görə monqollardan qurtulan kimi Tac Mahalı ayaqyoluna çevirmişdilər.
Müstəmləkə siyasətinin arzusu budur ki, vətəndaşın vətəndən, vətənin vətəndaşdan zəhləsi getsin ki, vətən öz vətəndaşının taleyinə, vətəndaş öz vətəninin tarixinə biganə qalsın. Müstəmləkəçilik siyasəti bizdə vətən anlayışının özünü belə sinizmə yoluxdurub. Vətən özü də öz vətəndaşına inanmaq istəmir, inana bilmir.
Tikanı səhra, ağacı meşə yetişdirdiyi kimi, vətəndaşı da vətən yetişdirir. Vətənə “ana” sifətinin taxılması fikri də burdan gəlir. Müstəmləkə siyasəti uzun illər bizə ögey atalıq edib və biz evimizdə bizi kötəkləyən, alçaldan, soyuqdan ölməyək deyə bizə öz köhnələrini geyindirən bu “ögey ata”ya görə həmişə “anamızı” günahlandırmışıq.
Onu dünyasını dəyişmiş həqiqi atamıza xəyanət etdiyi üçün heç vaxt bağışlaya bilməmişik. Vətənlə vətəndaş arasında inamsızlığın, soyuqluğın, saymamazlığın pataloji səbəbi, mənə görə, bu tarixi münasibətdə yatır.
Avropalılar cüzamı müalicə edə-edə tibbdə inqilab etdikləri kimi, biz də ilk növbədə vətənə qarşı olan bu sinikliyimizi müalicə etməliyik. Çünki sinizm mübarizənin bütün formalarını Salam Sarvanın bu misrası ilə bəri başdan inkar edir: “Darıxma, düzəlməyəcək!” Halbuki biz “Düzəlt ki, darıxmayasan!” misrasına da köklənə bilərik.
Sinizm yunanlara sahibsiz it kimi yaşamağı təklif edirdi. Əslində, sahibsiz it daha çox cəmiyyətdən asılı olur. Ondansa azad canavar olmaq daha yaxşı deyilmi?