Bakı şəhərinin Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsindəki problemli yol ilə bağlı açıqlama verilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli Oxu.Az-a açıqlamasında bildirib ki, qeyd edilən ərazidə yaxın müddətdə təmir işlərinin aparılması nəzərdə tutulur.
O əlavə edib ki, agentlik tərəfindən vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması məqsədilə təxirəsalınmaz təmir-bərpa tədbirləri davam etdirilir:
"Bu çərçivədə ötən ay rekord göstərici qeydə alınıb. Təkcə paytaxt ərazisində 90 min kvadratmetr sahədə təmir işləri icra olunub. Cari ayda da bu istiqamətdə işlər ardıcıl şəkildə davam etdirilir və təmirə ehtiyacı olan bütün əraziləri əhatə edir".
Bakı şəhərinin Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində yol infrastrukturunun acınacaqlı vəziyyəti sakinlərin narazılığına səbəb olub.
Bu barədə Oxu.Az-a ərazidə yaşayan vətəndaşlar müraciət ediblər.
Onların sözlərinə görə, küçədə yollar uzun müddətdir təmir olunmur və demək olar ki, hərəkət üçün yararsız durumdadır.
Sakinlərin sözlərinə görə, yolun müxtəlif hissələrində çoxsaylı çuxurlar yaranıb, asfalt örtüyü sıradan çıxıb. Bəzi yerlərdə dərin çalalar səbəbindən nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.