Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) Bakıda keçirilən və "Dayanıqlılıq və enerji transformasiyası" mövzusunda beynəlxalq səviyyədə tanınan "Technovation by PMI" Forumuna həmtəşkilatçılıq edib.
Oxu.Az xəbər verir ki, forumun keçirilməsində məqsəd texnoloji transformasiya və dayanıqlı inkişafa nail olma yollarını müzakirə etmək olub.
"Technovation by PMI" innovasiya, elm və tənzimləmə məsələləri ətrafında dialoqu təşviq edən beynəlxalq forumlar silsiləsinin tərkib hissəsidir.
Açılış nitqi ilə çıxış edən "AmCham Azərbaycan"ın prezidenti Dəyanət Sədullayev bildirib ki, qlobal dəyişikliklər fonunda korporativ dayanıqlılıq mühüm əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, bu, biznes modellərinin yenilənməsi, səmərəliliyin artırılması və uzunmüddətli dəyərin yaradılması deməkdir.
"Philip Morris International" (PMI) şirkətinin MDB üzrə xarici əlaqələr direktoru Aleksey Kim qeyd edib ki, Azərbaycan süni intellekt və rəqəmsal innovasiyaları inkişaf gündəliyinin mühüm hissəsinə çevirib. O vurğulayıb ki, bu prosesdə əsas rol insan kapitalına məxsusdur.

İqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov isə bildirib ki, ölkənin əsas məqsədi innovasiyalara əsaslanan və şaxələndirilmiş iqtisadiyyat qurmaqdır. Onun sözlərinə görə, rəqəmsal transformasiya iqtisadi gündəliyin mərkəzində dayanır və texnologiyalar vasitəsilə yeni bacarıqların formalaşdırılması hədəflənir.
Forum daha sonra panel müzakirələri ilə davam edib.

Sessiyalarda qeyri neft-qaz sektorunun inkişafı, iqtisadi diversifikasiya, zərərin azaldılması və korporativ transformasiya mövzuları müzakirə olunub.
İqtisadiyyat nazirinin müavini Elnur Soltanov bildirib ki, diversifikasiya iqtisadiyyatın dayanıqlığını artırır və davamlı inkişafın əsas şərtlərindən biridir.
Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov qeyd edib ki, zonada əsas prioritet yüksək əlavə dəyər yaradan və məhsullarının ən azı 75 faizini ixrac edən müəssisələrdir. Onun sözlərinə görə, bu yanaşma ölkəyə daha çox iqtisadi dəyər qazandırır.
IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov hesab edir ki, enerji resursları, fiber-optik əlaqə və siyasi iradə Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi istiqamətində üstünlükləridir. O bildirib ki, ölkə özünü həm enerji təchizatçısı, həm də böyük məlumat mərkəzlərinin yerləşdiyi məkan kimi mövqeləndirə bilər.
"Acwa"nın icraçı idarəetmə direktoru Uygar Durgunay yaşıl enerji, yaşıl hidrogen və dəniz suyunun duzsuzlaşdırılması sahələrində həyata keçirilən həllərdən danışıb.
BP-də Transformasiya və texnologiyalar üzrə menecer Marianna Kərimova bildirib ki, ağıllı quyu layihələri və real vaxt rejimində qazma sistemləri yataqlardan daha səmərəli istifadə etməyə imkan verir.
PMI-in elmi fəaliyyətlər üzrə direktoru Tomoko İida isə şirkətin məqsədinin 2030-cu ilə qədər gəlirlərinin üçdə ikisini siqaretə nisbətən daha az zərərli alternativ məhsullardan əldə etmək olduğunu bildirib.
Tədbir "AmCham Azərbaycan"ın İcraçı Direktoru Zaur Kərimovun yekun nitqi ilə başa çatıb. O, forumun uğurla keçirilməsinə verdikləri töhfəyə görə bütün spikerlərə, iştirakçılara, dövlət qurumlarının nümayəndələrinə və PMI şirkətinə təşəkkürünü bildirib.