Bəzən elə məkanlar olur ki, oraya ayaq basanda adət etdiyimiz təsəvvürlər ilk addımdaca alt-üst olur. Sankt-Peterburqun Puşkin rayonundakı "Gerofarm" farmasevtika kompleksi də məhz belə yerlərdəndir. Şəhərin səs-küyündən uzaqda, səliqəli infrastrukturu və müasir arxitekturası ilə diqqət çəkən bu məkana daxil olarkən sizi nəhəng zavod boruları və ya soyuq sənaye avadanlıqları yox, gözlənilməz bir incəsənət əsəri qarşılayır: məşhur "Mona Liza" portretinin polad armatur parçalarından hazırlanmış fərqli interpretasiyası.
Rəssam Konstantin Benkoviçin əl işi olan bu installyasiya müəssisənin bir növ qeyri-rəsmi manifestidir: müasir farmasevtika yalnız sərt formul və rəqəmlərdən ibarət deyil, o, özlüyündə insan həyatına toxunan incə bir sənət və yüksək dəqiqlik tələb edən elm sahəsidir.
2001-ci ildə təməli qoyulan "Gerofarm" şirkətinin bu istehsalat sahəsi 2017-ci ildən fəaliyyət göstərir. Lakin binanın daxilinə addım atdıqca vaxtın buraya təsir etmədiyini hiss edirsiniz. Kabinetlərdən tutmuş yeməkxanaya qədər hər guşə qlobal texnologiya şirkətlərinin rahat, işıqlı ofislərini xatırladır. Bir zamanlar "zavodda işləyirəm" ifadəsinə yapışdırılan o boz və yorucu təsəvvür bu divarlar arasında tamamilə yoxa çıxır, yerini müasir və rahat iş mühitinə verir.
Avqust ayının 12-də Qazaxıstan və Özbəkistandan olan 17 jurnalistlə birgə Oxu.Az komandası olaraq biz də bu elmi mühiti yaxından tanımaq imkanı qazandıq. Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yevgeniya Domoroşçenkovanın təqdimatından sonra, Əməliyyat effektivliyi üzrə layihə rəhbəri İrina Spirkina və Təmizləmə bölməsinin rəisi Dmitri Babentsevin bələdçiliyi ilə istehsalat dəhlizlərinə addımladıq. Bu gəzinti həm də məktəb illərindəki biologiya, fizika və kimya dərslərinə gözəl bir canlı qayıdış idi.
Aktiv bir molekulun kütləvi istehsalına başlanılmazdan əvvəl o, kompleksin yaxınlığındakı Elmi-Tədqiqat Mərkəzində (R&D) uzun və mərhələli hazırlıq yolu keçir. Tibb elmləri namizədi Roman Drayın rəhbərlik etdiyi alimlər komandası yeni birləşmələr üzərində çalışır, onların xüsusiyyətlərini araşdırır, klinik sınaqlar həyata keçirir və dərmanların qeydiyyata hazırlanması istiqamətində fəaliyyət göstərir.
İstehsalat sahəsində isə başqa bir mühüm məsələ həll olunur: miqyaslama. Çünki zülalın kiçik bir sınaq şüşəsindəki reaksiyası ilə tonluq çənlərdəki davranışı tamamilə fərqli ola bilir. Bütün texniki suallar cavabını tapdıqdan sonra hazır resept zavoda təhvil verilir.
Hazırda burada insulinin beş növü - lizpro, glargin, aspart, qlulizin və gen mühəndisliyi ilə alınan insan insulini istehsal edilir. Deqludek adlı növbəti növ isə qeydiyyat mərhələsindədir. Bəs nə üçün bu qədər fərqli insulinə ehtiyac var?
Klassik insan insulini insan mədəaltı vəzisinin sintez etdiyi təbii hormonu tam təkrarlayır. Lakin onun bir özəlliyi var: inyeksiyadan təxminən 40 dəqiqə sonra təsir etməyə başlayır, halbuki qanda şəkər yeməkdən artıq 20 dəqiqə sonra yüksələ bilir. Bu isə preparatın tətbiq vaxtının düzgün planlaşdırılmasını tələb edir. İnsulin analoqlarında isə molekulun quruluşu dəyişdirildiyi üçün onların təsirə başlama müddəti daha qısa ola bilər. Digər növlər isə daha uzunmüddətli təsir mexanizmi hesabına gün ərzində insulin səviyyəsinin idarə olunmasına imkan yaradır.
Hətta hazırda mərkəzdə həftədə cəmi bir dəfə tətbiq olunmaqla qandakı şəkərin daha uzun müddət ərzində nəzarətdə saxlanmasına yönəlmiş innovativ insulin molekulu üzərində sınaqlar gedir. Belə yanaşmalar gələcəkdə diabetlə yaşayan insanların müalicə imkanlarının genişləndirilməsinə töhfə verə bilər.
Bütün bu mürəkkəb sistemin mərkəzində təbiətin və elmin çox maraqlı bir işbirliyi dayanır: bağırsaq çöpü bakteriyası ("E.coli"). Mütəxəssislər bu mikroorqanizmin halqavari DNT-sini kəsərək içərisinə insan insulininin genini yerləşdirirlər.
Bakteriyaların çoxalması üçün buğda, noxud və soya ekstraktlarından xüsusi qida mühiti hazırlanır. İstifadə olunan su da adi kran suyu deyil. Prosesin əvvəlində dərin təmizlənmiş su, insulinin təmizlik dərəcəsinin 99.9%-ə çatdığı son mərhələlərdə isə xüsusi "inyeksiya üçün su" tətbiq olunur. Məişət suyunun tərkibi fəsillərə görə dəyişsə də, bu suyun tərkibi prosesin tələblərinə uyğun olaraq sabit saxlanılır.
Çəndəki bakteriyaların sayı hər 46 dəqiqədən bir iki dəfə artır. Bir hüceyrədən iki, ikidən dörd, 16 milyarddan isə 32 milyard hüceyrə yaranır - təbiətin çox dəqiq işləyən mexanizmlərindən biri.
Bütün bu böyük istehsal mənfi 83 dərəcə dondurucuda saxlanılan, cəmi birmillilitrlik kiçik bir flakondan başlayır. Bu kiçik qabda 10 milyard canlı hüceyrə olur. Hüceyrələr otaq temperaturuna qayıtdıqdan sonra addım-addım köçürülür: əvvəlcə ikilitrlik kolbaya, sonra 200 litrlik çənə, ən sonda isə üçtonluq nəhəng reaktora.
Hüceyrə kütləsi kifayət qədər toplananda çənə xüsusi maddə - induktor əlavə edilir. Məhz bu andan bakteriya özü üçün deyil, insan insulininin istehsalında istifadə olunan zülalı sintez etməyə başlayır.
Zülal hüceyrənin içində toplandıqca onu hər iki tərəfdən gərərək ona özünəməxsus forma verir. Zavodun ikinci mərtəbəsində yerləşdirilən və palıd qozasını xatırladan incəsənət obyekti də məhz bu bioloji mənzərəyə - daxili zülalla dolu bağırsaq çöpünə həsr olunub.
Bakteriyanın içindəki zülalı çıxarmaq üçün məhlul 1000 bar təzyiq yaradan xüsusi aparatlardan keçirilir. Çıxışda təzyiq qəfildən düşdüyü üçün hüceyrənin divarları dağılır. Ən ağır hissə olan zülal kürəcikləri ayrılır və nəticədə qatı kütlə ("pasta") alınır. Mənfi 18 dərəcədə dondurulan bu kütlə keyfiyyətini uzun müddət saxlayır.
Lakin bu pasta hələ hazır dərman deyil. Sıxılmış və ilkin formasını itirmiş zülal molekulunu yenidən doğru formaya qaytarmaq - renaturasiya etmək lazımdır. İnsulin molekulu A və B zəncirlərindən ibarətdir. Bakteriya bu zəncirləri qursa da, onların arasında lazımi rabitələri formalaşdıra bilmir. Hər biri 8 ton olan nəhəng reaktorlarda bütün bu bağlar yerinə oturdulur. Bu proses əzilmiş bir kağız oriqamini zədələmədən yenidən səliqə ilə qatlamağa bənzəyir.
Yaranan insulin məhlulu xüsusi süzgəclərdən keçərək kənar maddələrdən tam təmizlənir. Nəticədə 16 tonluq ilkin kütlədən cəmi 1000 litrə yaxın təmiz insulin məhlulu alınır.
Təmizliyi 99.9%-dən yuxarı olan bu məhlul insan əli dəymədən, tam avtomatlaşdırılmış robot xətlərində flakonlara və kartriclərə doldurulur. Xüsusi inspeksiya aparatları hər bir qabı mikroskopik hissəciklərə görə yoxlayır. Daha sonra məhsul karantin zonasına keçir. 21 gün ərzində 20-dən çox göstərici üzrə laborator yoxlamalardan uğurla keçdikdən sonra məhsul satışa buraxılır.
Şirkət yalnız insulinlə kifayətlənmir, həm də müasir endokrinologiyada geniş araşdırılan inkretin mənşəli molekulların tədqiqi ilə məşğul olur. R&D mərkəzinin direktoru Roman Drayla görüşdə metabolik pozuntuların müalicəsi və çəki nəzarətində tətbiq olunan müasir təsir mexanizmləri geniş müzakirə olundu.
Mütəxəssislərin sözlərinə görə, tədqiq edilən yeni nəsil molekullar (məsələn, GLP-1 və GIP reseptor aqonistləri) orqanizmdə şəkərin səviyyəsinin tənzimlənməsinə, iştahın idarə olunmasına və maddələr mübadiləsinin müxtəlif aspektlərinə təsir göstərə bilər. Klinik sınaqlarda bu istiqamətdəki preparatların metabolik pozuntuları və artıq çəki olan insanlarda müxtəlif nəticələr göstərdiyi müşahidə olunub. Bununla belə, mütəxəssislər xüsusi vurğulayırlar ki, bu qəbildən olan bütün dərmanlar və inyeksiyalar yalnız həkim təyinatı və fərdi tibbi qiymətləndirmə əsasında istifadə olunmalıdır.
Sankt-Peterburqdakı bu müasir farmasevtika mərkəzinə gəzintimiz bir daha göstərdi ki, gözlə görünməyən balaca bir hüceyrənin içində başlayan bioloji reaksiyalar, dəqiq mühəndislik və elm dəstəyi ilə birləşdikdə mürəkkəb istehsal prosesinə və tibdə istifadə olunan məhsulların hazırlanmasına çevrilə bilər.