Bakıda böyrək daşı əməliyyatından sonra vəziyyəti ağırlaşan xəstənin yaxınları həkim səhlənkarlığından şikayətçidirlər.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, İsmayıl Əliyevin ailəsinin iddiasına görə, əməliyyatdan sonra xəstənin vəziyyəti kəskin pisləşib, bağırsaqla bağlı ağırlaşma yaranıb və o, hazırda yataq xəstəsidir.
Yaxınlarının sözlərinə görə, həkim Fərhad Cavadov sonrakı mərhələdə xəstənin vəziyyəti ilə lazımi səviyyədə maraqlanmayıb.
Həkim isə ittihamları qəbul etmir. O bildirir ki, pasiyentin əvvəllər keçirdiyi əməliyyatlar, insult və şəkərli diabet kimi xəstəlikləri olub və sonrakı ağırlaşmaların səbəbi əvvəlki əməliyyatlardan qalan çapıqlar və digər tibbi amillərlə bağlıdır. Həkim 1 000 manat ödəniş aldığını da təkzib edir.
Məsələ ilə bağlı Yasamal Rayon Prokurorluğundan bildirilib ki, müraciət diqqətdədir və hazırda araşdırma aparılır.