Amerika Birləşmiş Ştatlarının Avropadakı briqada döyüş qruplarının sayı azaldılıb.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin Hərb Nazirliyinin nümayəndəsi Şon Parnell məlumat verib.
"Hərb Nazirliyi Avropaya təhkim olunmuş briqada döyüş qruplarının sayını dörddən üçə endirib. Bununla da biz Avropadakı mövcudluğumuzun 2021-ci il səviyyəsinə qayıdırıq", - deyə o, "X" sosial şəbəkəsindəki hesabında qeyd edib.
Nümayəndə vurğulayıb ki, bu qərar Birləşmiş Ştatların hərbi qüvvələrinin Avropadakı strukturu və dislokasiyasının çoxmərhələli kompleks təhlilinin nəticəsində qəbul olunub. Parnellin sözlərinə görə, bu səbəbdən nümunəvi müttəfiq hesab olunan Polşaya ABŞ hərbçilərinin köçürülməsi müvəqqəti olaraq təxirə salınır.
Nazirlikdən həmçinin bildirilib ki, Avropada yerləşdiriləcək qüvvələrin yekun strukturu yalnız Birləşmiş Ştatların strateji və əməliyyat ehtiyacları, eyni zamanda müttəfiqlərin sözügedən qitənin təhlükəsizliyində müstəqil şəkildə iştirak etmək imkanları qiymətləndirildikdən sonra müəyyənləşəcək.