Minnesota ştatında etiraz aksiyalarını dağıtmaq məqsədi ilə ABŞ hərbçilərinin Minneapolis şəhərinə göndərilməsinə dair əmr ləğv olunub. Bu, federal hakimiyyət orqanlarının şəhərdəki etirazları daha da qızışdırmamaq qərarına işarə kimi qiymətləndirilir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ABC telekanalı özəl mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Alyaskada yerləşdirilən diviziyadan təxminən 1500 əsgər, eləcə də Texasdan ən azı 200 hərbçi Minneapolisə göndərilməyə hazır idi.
Telekanal qeyd edir ki, müvafiq əmr 7 və 24 yanvar tarixlərində hüquq-mühafizə orqanları ilə toqquşmalarda iki etirazçının ölümündən sonra vəziyyəti tam nəzarətə almaq məqsədi ilə verilmişdi.