ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Virciniya ştatının Lenqli rayonunda yerləşən qərargahı yaxınlığında atışma olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "CNBC" telekanalı məlumat verib.
Məlumata görə, atışma nəticəsində bir nəfər yaralanıb.
Qeyd edilib ki, binanın təhlükəsizlik xidmətinin əməkdaşları bir nəfəri yaralayıb.
"Mərkəzi Kəşfiyyat İdarəsinin baş qərargahı yaxınlığında insident baş verib və hüquq-mühafizə orqanları buna reaksiya verib", - deyə xüsusi xidmətin nümayəndəsi telekanala bildirib.
Öz növbəsində, "CBS News"un müxbiri Cennifer Ceykobs deyib ki, qadın sürücü bədəninin yuxarı hissəsindən yaralanıb. Həkimlərin fikrincə, zədəni ölümcül hesab etmək olmaz.
Mərkəzi Kəşfiyyat İdarəsi qərargahın əsas girişinin növbəti bildirişə qədər bağlı olduğu barədə xəbərdarlıq dərc edib.