ABŞ Prezidenti Donald Tramp Braziliyanın sabiq prezidenti Jair Bolsonaronun oğlu Flavio Bolsonaro ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Tramp özünün "Truth Social" hesabında paylaşım edib.
"Flavio Bolsonaro ilə Ağ Evin Oval kabinetində görüşmək xoş oldu. O, öz ölkəsini - Braziliyanı çox sevən gənc insandır", - deyə ABŞ lideri bildirib.
Flavio Bolsonaro 2019-cu ildən Braziliya Senatında fəaliyyət göstərir. Hazırda 44 yaşı olan siyasətçi 2027-ci ildə keçiriləcək prezident seçkisində iştirak etməyi planlaşdırır.
Onun atası Jair Bolsonaro ötən ilin noyabrında dövlət çevrilişinə cəhd və cinayətkar birliyə rəhbərlik etmək ittihamları ilə 27 il müddətinə azadlıqdan məhrum edilib.