Almaniyanın hüquq-mühafizə orqanları Leypsiq/Halle hava limanının ərazisində aşkarlanan pilotsuz uçuş aparatında (PUA) genetik material izləri müəyyən ediblər.
Oxu.Az bildirir ki, bu barədə "Bild" nəşri istintaqa yaxın mənbələrə istinadən xəbər yayıb.
Məlumata görə, PUA-dan götürülən DNT nümunələri 2024-cü ildə həmin hava limanında DHL logistika şirkətinin anbarında baş vermiş yanğınla bağlı araşdırma zamanı əldə edilən nümunələrlə uyğunluq göstərib.
2024-cü ildə yük bölməsində baş verən yanğına, ehtimal ki, bağlamanın içərisində gizlədilmiş yandırıcı qurğu səbəb olub.
Bildirilib ki, aşkarlanan genetik material Avropa kriminalistika məlumat bazasındakı nümunələrlə müqayisə edilib. Hələlik konkret şəxsin kimliyini müəyyənləşdirmək mümkün olmayıb. Bununla belə, oxşar DNT profillərinin Litvada qeydə alındığı məlum olub.
Hazırda Litvada DHL şəbəkəsi vasitəsilə yandırıcı qurğuların göndərilməsi ilə bağlı iş üzrə dörd nəfər təqsirləndirilən şəxs qismində araşdırılır.
Xatırladaq ki, avqustun 5-də saat 23:40-da (Bakı vaxtı ilə avqustun 6-da saat 01:40-da) Leypsiq/Halle hava limanının uçuş zolağında Ukraynaya məxsus "An" tipli yük təyyarəsinin yaxınlığında əldəqayırma partlayıcı qurğu ilə təchiz edilmiş PUA aşkarlanıb.