Kolumbiyanın qərbində baş verən dağıdıcı zəlzələdən sonra ölkədə futbol çempionatı dayandırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
"Kolumbiya çempionatının rəhbərliyi ölkənin şəhər və regionlarında yaranmış vəziyyəti qiymətləndirdikdən sonra bu həftə çempionatla bağlı bütün tədbirlərin dayandırılması barədə qərar qəbul edildiyini bildirir. Bu qərar, ilk növbədə, Kolumbiyaya və hazırda çətinliklərlə üzləşən bütün insanlara bağlılığımızdan irəli gəlir.
Belə şəraitdə futbolun ölkəyə xidmət etməli və ən çox ehtiyacı olan insanlara dəstək verməli olduğunu anlayırıq. Bütün 36 klub (ölkə çempionatının yüksək və ikinci divizionlarında çıxış edən komandalar - red.) səylərini zərərçəkmiş icmalara yardım göstərməyə və onların bərpasına yönəldəcək, fövqəladə vəziyyət şəraitində ölkəyə dəstək olmaq üçün imkan və resurslarını təqdim edəcəklər. Bu gün futbol gözləyə bilər, Kolumbiyanın bizə ehtiyacı var", - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, daha əvvəl Kolumbiya Geoloji Xidməti Çoko departamentindəki San-Xose-del-Palmar şəhəri yaxınlığında 7,4 maqnitudalı zəlzələ baş verdiyini açıqlayıb.
Kolumbiya prezidenti Abelardo de la Esprielya zəlzələ nəticəsində ölənlərin sayının 111 nəfərə çatdığını bildirib. Ən böyük dağıntıların Pereyra və Manisales şəhərlərində qeydə alındığı bildirilib.