Avropa Parlamentində (AP) deputatlar Sebastian Tünkkünen və Kristoffer Stormun iraqəsilli parlamentar Abir Əl-Sahlaniyə qarşı irqçi ifadələr işlətməsi qalmaqala səbəb olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Qalmaqal miqrantların deportasiyası qaydalarının sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsi üzrə səsvermədən sonra baş verib. Abir Əl-Sahlani bildirib ki, indiyədək özünü AP-də heç vaxt bu qədər təhlükə altında hiss etməyib.
Bunun ardınca Avropa Mühafizəkarları və İslahatçıları (ECR) qrupunu təmsil edən Sebastian Tünkkünen və Kristoffer Storm həmkarlarının çıxışının videosuna yazdıqları şərhlərdə ona "bir az da ağla" deyə müraciət edib, həmçinin "gəldiyi yerə qayıtmağa" çağırıblar.
Nəşrin məlumatına görə, "Renew Europe" fraksiyasının rəhbərliyi deputatların cəzalandırılmasını tələb edib.
"Bu cür davranışların reaksiyasız qalacağı təqdirdə yarana biləcək cəzasızlıq hissi məni getdikcə daha çox narahat edir", - deyə "Renew Europe"un rəhbəri Valeri Aye bildirib.
AP sədrinin mətbuat katibi Delfin Kolar isə açıqlamasında qeyd edib ki, parlamentin rəhbəri Roberta Metsola məsələni araşdıracaq.