Avstraliya məhkəməsi 20 yaşlı narkotik satıcısını olduqca gənc və cəlbedici görünüşünə görə həbs müddətindən azad edib. Hakimin fikrincə, xarici görünüşü onu həbsxanada hədəfə çevirə bilərdi.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Daily Mail" nəşri yazıb.

Məlumata görə, Hemiş Kreyq Larnak polis məmuruna 700 dollar dəyərində qadağan olunmuş maddə satıb, sonra isə onda daha çox narkotik və tərəzi aşkarlanıb.
Hakim Soraya Rayan bildirib ki, Hemiş Kreyq Larnak öz yaşından gənc görünür və azadlıqdan məhrumetmə yerlərində belə xarici görünüş onu ciddi risk altında qoya bilərdi. Soraya Rayan həmçinin qeyd edib ki, psixi pozğunluqların özünümüalicəsi üçün psixotrop maddələrin istifadəsi qəbuledilməzdir və faciələrə aparır.
Vəkil Deniel Boddis qeyd edib ki, həbs onun müvəkkilini olduqca qorxudub, o, etdiyini tam şəkildə başa düşüb və həyatını dəyişdirib. Məhkəmə əvvəlki cinayət qeydlərinin olmamasını, narkotiklərdən imtinanı, daimi iş yerini və ailə dəstəyini nəzərə alaraq, real cəzanı iki illik şərti cəza ilə əvəz edib.