Türkiyənin Bodrum şəhərində Azərbaycan vətəndaşı yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, motosiklet idarə edən 1988-ci il təvəllüdlü azərbaycanlı İbrahim Şükürov betonqarışdıran maşının altında qalıb.
Qəza nəticəsində Şükürov ağır xəsarətlər alıb. Əraziyə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunublar. Hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılan Şükürov həkimlərin bütün səylərinə baxmayaraq, həyatını itirib.
Betonqarışdıran maşının sürücüsü polis tərəfindən saxlanılıb. Qəzanın dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.