"Şişman Ayı Həftəsi" ərəfəsində həvəskar izləyicilər Alyaskadakı Bruks şəlaləsində qızılbalıq yeyən qonur ayıların görüntülərini maraqla izləyirlər.
Oxu.Az "The Guardian"a istinadən xəbər verir ki, bu, yayın ən böyük ekran hitlərindən birinə çevrilib.
ABŞ-nin Katmay Milli Parkında yerləşən Bruks şəlaləsindəki ayıların canlı yayımı iyunun 22-dən avqustun 4-dək 7,3 milyon dəfə izlənilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 70% çoxdur və 2024-cü ildəki baxış sayından iki dəfədən də artıqdır.
Vəhşi təbiət şəbəkəsi Explore.org tərəfindən idarə olunan kameralar Bruks şəlaləsindəki qonur ayıların yuxarı axına doğru hərəkət edən qızılbalıqları tutmasını göstərir. Eyni vaxtda qayalı sularda ondan çox ayının dolaşdığını və balıqları iştahla yediyini müşahidə etmək mümkündür.
Explore.org-un yeni media direktoru Kandis Rüş bildirib ki, izləyicilərin sayındakı artım ayıların şəlaləyə çoxsaylı şəkildə qayıtması ilə əlaqəli ola bilər.
"Ötən il çayın hər yerində qızılbalıq var idi və ayıların indiki kimi şəlalədə toplaşmasına ehtiyac yox idi. Bu il isə ayıların böyük qruplar halında toplaşmasını çox yaxşı müşahidə etmək imkanımız olub", - deyə o bildirib.